Dekabrın 29-da Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri üçün bayram şənliyi təşkil edilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ziyalıları, səhiyyə işçiləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda, Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni ilin gəldiyini qeyd edərək bu ildə onlara sağlam can arzulayıb, 2026-cı ilin qansız-qadasız, müharibəsiz bir il olmasını diləyib. Bu il dünyasını dəyişən şəhid atalarını, analarını ehtiramla yad edən icra başçısı övladları kimi, onların da heç zaman unudulmayacaqlarını söyləyib.
"Siz şəhid ailələri ilə bir süfrə ətrafında oturmaq bizim üçün fəxr və qürurvericidir. Sizin övladlarınızı, Vətən torpaqlarını canı bahasına azad edən şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbirdə rayon rəhbəri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq onlarla görüşüb, səmimi ürək sözlərini bölüşüb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu, baş gizir Hacıyev Teymur Zaur oğlunun övladı şeir töhfəsi ilə şəhid övladları adından təbriklərini çatdırıb.