Dekabrın 29-da Lökbatan qəsəbəsində şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub.
Hafta.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, deputat Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri, qazilər, rayon icra hakimiyyəti aparatının və hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak edib.
Süleyman Mikayılov şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açıb. 2025-ci ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirib.
Qeyd edilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə Konstitusiya müddəaları və suverenliyimizin tam bərpa olunmasında ölkə rəhbərimizin apardığı uğurlu siyasət ictimaiyyətə geniş şərh olunub.
RİH başçısı ölkəmizin böyük sürətlə inkişaf etdiyini bildirib. Regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirib. Rayonumuzda yenidən qurulan yollar, qəsəbələrin abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunub. Əminik ki, 2026-cı il xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacaq. 2026-cı ilin xalqımız və dövlətimiz üçün daha uğurlu il olacağını söyləyib.
Tədbir yeni il şənliyi ilə davam edib. Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlar göstərməklə uşaqların sevincinə səbəb oldular. Sonda uşaqlara yeni il hədiyyələri təqdim olunub.