AZ

Masallı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhid ailələri ilə görüş keçirilib » AzadMedia.az


29 dekabr 2025-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun iştirakı ilə şəhid ailələri ilə görüş keçirilmişdir.

Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nahid Həsənov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışmış, qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixidir. Bildirilmişdir ki, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin vaxtında və operativ şəkildə həlli dövlət siyasətinin əsas vəzifələrindəndir və bu istiqamətdə Masallı rayonunda da ardıcıl tədbirlər həyata keçirilir.

Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev geniş məruzə ilə çıxış etmişdir. Şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların sosial-məişət problemlərinin həlli istiqamətində sistemli işlər görülür.

Qəşəm Hadıyev məruzəsində şəhid ailələrinin mənzillə təmin olunması sahəsində görülən işlərə də xüsusi toxunmuşdur. Bildirilmişdir ki, I Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrindən 62 ailə mənzil növbəsinə alınmış, onlardan 5 şəhid ailəsi Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına, 1 şəhid ailəsi Bakı şəhərində və 1 şəhid ailəsi Masallı rayonunda ƏƏSMN tərəfindən mənzillə təmin edilmişdir. Həmçinin 2 şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Ümumilikdə 41 şəhid ailəsi Masallı rayonunda mənzillə təmin olunmasını gözləyir.

Vətən müharibəsi və antiterror əməliyyatlarında şəhid olmuş şəxslərin ailələri ilə bağlı məlumat verən məruzəçi qeyd etmişdir ki, bu kateqoriyadan olan 55 şəhid ailəsi mənzil növbəsinə alınmış, onlardan 42 şəhid ailəsinin sənədləri qeydiyyatda olduqları şəhər və rayonlara göndərilmişdir. Həmin ailələrdən 18-i mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmuşdur. Hazırda 13 şəhid ailəsi Masallı rayonunda mənzillə təmin olunmasını gözləyir.

Eyni zamanda Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 6 şəhid ailəsi üçün fərdi yaşayış evi tikilmiş, 2 şəhid ailəsinin evi isə hazırda tikilməkdədir. Bundan əlavə, 6 şəhid ailəsinin fərdi yaşayış evi əsaslı təmir edilmişdir. Hal-hazırda rayon üzrə mənzil növbəsində olan 54 şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər davam etdirilir.

Tədbirdə şəhid valideynlərindən Vahid İsgəndərov və Leyla Əliyeva, Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qafqaz Müsəlmanları İdarəsinin üzvü Ağarəşid Talıbov və Masallı şəhər Cümə məscidinin axundu Məftun Hüseynov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, şəhidlərin xatirəsinin daim uca tutulduğunu vurğulamışlar.

Tədbirin sonunda şəhid ailələrinin müraciətləri dinlənilmiş, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Seçilən
38
50
azadmedia.az

10Mənbələr