AZ

AZZA "zəhərlidir" deyilən tortlara necə reaksiya verdi?..


Son zamanlar AZZA-dan şikayətlər artmaqda davam edir. Facebook-un “Müştəriyəm şikayətim var” qrupunda "AZZA Gastronom" şirniyyat şirkəti ilə bağlı şikayət paylaşılıb.

Paylaşım edən vətəndaş iddia edir ki, "AZZA Gastronom"dan dekabrın 25-də aldığı tort dekabrın 27-də istehlak olunub: "Məhsulun üzərində saxlama müddətinin 96 saat olduğu qeyd edilib. Tortu yeyən iki nəfər zəhərlənib. Ana-balanın xəstəxanaya yerləşdirilməsinə səbəb oldunuz".

Eyyub Hüseynov: “AZZA istehlakçılara həddindən artıq böyük hörmətsizlik edir”

Mövzu ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, il ərzində birliyə AZZA-dan çoxlu sayda şikayətlər edilir: “Təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyinə daxil olan şikayətləri danışıq yolu ilə həll etsək də, AZZA ilə bu mümkün olmayıb. Bəzi hallarda istehlakçılar dükandan bizə zəng edib deyirlər ki, buraxılma tarixi, yararlılıq müddəti yoxdur, satıcılar kobud davranır,məhsul haqqında məlumat vermir, sənədi təqdim etmir. Lakin AZZA-nın rəhbərliyi bu kimi şikayətlərlə bağlı istehlakçı təşkilatı ilə məsələni araşdırmaq istəməyib. AZZA istehlakçılara həddindən artıq böyük hörmətsizlik edir. Onu da deyim ki, AZZA-da tortun yararlılıq müddəti məhsulun alt hissəsində qeyd edilir. Təbii ki, tortu alan şəxs məhsulu başının üstünə qaldırıb, tarixə baxmayacaq. Malların sənədinin olmaması da istehlakçılar tərəfindən verilən məlumatda göstərilir ki, məhsulun yararlılıq tarixini göstərən sənədlər yox dərəcəsindədir. Tortun alt hissəsinə vurulan ştamp rəsmi sənəd deyil. Bu, AZZA-da çox geniş yayılıb, onlar istehlakçı hüquqlarını pozmaqda davam edir. Hesab edirəm ki, burada çox ciddi yoxlama aparılmalıdır. AZZA istehlakçılarla düzgün davranma mədəniyyətini öyrənməlidir, istehlakçı aldanmasına son qoymalıdır”.

AZZA: “Müştəri heç bir mağazamıza məhsul və qəbz təqdim etməyib, həmçinin...”

Məsələ ilə bağlı "AZZA Gastronom"dan bildirildi ki, onlar şikayətdən məlumatlıdırlar: "Instagram" səhifəmizə müraciət olub. Müştəri heç bir mağazamıza məhsul və qəbz təqdim etməyib. Həmçinin həkim arayışı da yoxdur. Biz bilməliyik ki, həqiqətən də "AZZA" tortundan zəhərlənmə baş verib. Məhsul olmadan rəy bildirmək mümkün deyil. Şikayəti əsaslandırmaq lazımdır”.

Günel CƏLİLOVA

Seçilən
3
12
baki-xeber.com

10Mənbələr