AZ

İrlandiyalı tarixçi: Azad olunan ərazilərdə aparılan bərpa prosesi Ermənistanın dağıdıcı siyasətinin ifşasıdır  

Qarabağın Ermənistan tərəfindən işğalı dövrü ilə onun azad edilməsindən sonrakı mərhələ arasında ən mühüm və bariz fərq inkişaf məsələsidir. Ermənistan uzun illər ərzində işğal etdiyi ərazilərdə hər hansı real inkişaf yaratmaq iqtidarında olmayıb, əksinə, həmin ərazilər viran qoyulub və mövcud resurslar talan edilib.

Bunu AZƏRTAC-a açıqlamasında irlandiyalı tarixçi Patrik Uolş deyib.

Tarixçi bildirib ki, bu gün o tamamilə fərqli mənzərə ilə qarşılaşıb: “Azad edilmiş ərazilərdə məqsədyönlü, sistemli və genişmiqyaslı bərpa və quruculuq prosesi həyata keçirilir. Məqsəd həmin torpaqları yenidən yaşayış üçün yararlı etmək və vaxtilə olduğu kimi, orada həyatı canlandırmaqdır”.

Qərbin Qarabağ məsələsinə münasibətində ikili standartların mövcudluğuna diqqət çəkən irlandiyalı tarixçi qeyd edib ki, çox zaman simpatiya işğalçıya, inkişafı əngəlləyən və dağıdan tərəfə göstərilir.

Patrik Uolş ABŞ Prezidenti Donald Trampın sülh və inkişaf məsələlərinə yanaşmasını müsbət dəyərləndirərək vurğulayıb ki, sabitlik və dayanıqlı inkişaf yalnız münaqişələrin ədalətli və davamlı həlli yolu ilə mümkündür.

Onun sözlərinə görə, bölgəyə xarici investisiyaların cəlb olunması üçün əsas şərt təhlükəsizlik və suverenliyin tam təmin edilməsidir.

Tarixçi qeyd edib ki, Azərbaycanın öz suveren əraziləri üzərində tam nəzarəti təmin etməsi tamamilə məntiqlidir: “Azad edilmiş ərazilərin bərpası son dərəcə böyük və çətin bir vəzifədir. Bu proses, bəzən, müharibədə qələbə qazanmaqdan belə daha ağırdır. Əgər 1990-cı illərdə baş verənlərə görə hansısa “intiqam” anlayışı mövcud idisə, bu gün bunun ən doğru forması məhz torpaqların yenidən dirçəldilməsi və gənc nəslin həmin ərazilərdə məskunlaşdırılmasıdır. Bu, işğalçıların uğursuzluğunu və gələcəyi təmsil etmədiklərini, yalnız qaranlıq və dağıdıcı keçmişin daşıyıcıları olduqlarını açıq şəkildə nümayiş etdirən ən güclü cavab olar”.

Seçilən
21
50
azerbaijan-news.az

10Mənbələr