Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işinə xitam verilib.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, Azərbaycanın məxsus AZAL təyyarəsinin Rusiya səmasında vurulması və ondan sonra baş verən hadisələr hər birimizə bəllidir:
O, qeyd etdi ki, bununla bağlı dəfələrlə həm media orqanlarında, həm də televiziya kanallarında müxtəlif müzakirələr aparılıb:
"Ən əsas məsələ isə ondan ibarətdir ki, Rusiyanın bu problemi başqa istiqamətə yönəltmək cəhdlərinə baxmayaraq, iki ölkə arasında yaranmış soyuqluğun aradan qaldırılması məqsədilə Vladimir Putinin həm zəng etməsi, həm üzr istəməsi, daha sonra isə Düşənbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşərək ona izahat verməsi və baş verən hadisələrin təfərrüatını açıqlaması kifayət qədər müsbət məqamlar ortaya qoydu. Hər bir insan düşündü ki, artıq Rusiya dövlətinin başçısı məsələnin hüquqi çərçivədə həlli, Azərbaycanın qoyduğu tələblərin, yəni kompensasiyanın verilməsi və bu cinayətdə əli olanların tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində real addımlar atılacaq. Çünki Rusiya Prezidenti bu sözü verdi, komissiyanın işinin bitməsini gözləməyi tövsiyə etdi və ondan sonra bütün məsələlərin hüquqi qaydada öz həllini tapacağını bildirdi. Bu günlərdə isə komissiya bəyanat verərək bildirdi ki, araşdırmalar hələ tam sona çatdırılmayıb və ilin sonuna qədər davam etdiriləcək. Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən aralıq bəyanat da yayımlandı. Həmin bəyanatda AZAL təyyarəsinə kənar müdaxilənin olduğu, təyyarənin raketlə vurulduğu tam təsdiqləndi. Artıq demək olar ki, bütün detalların həll olunacağı gözlənilən bir məqamda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin belə bir məsələni səsləndirməsi və Azərbaycan Xarici İşlər Nazirliyinə məktub göndərməsi yeni suallar yaratdı.
Əvvəla, necə ola bilər ki, işə xitam verilsin? Halbuki Rusiya Prezidenti Vladimir Putin bu məsələdə Rusiya hərbçilərinin bilərəkdən olmasa da, səhlənkarlığını və Ukrayna təyyarəsi ilə səhv salınaraq vurulmasını etiraf etmişdi. Bu, artıq Rusiya dövlət başçısının rəsmi etirafı idi. O, həm də bildirmişdi ki, komissiyanın işi bitdikdən sonra bütün məsələlər öz həllini tapacaq. Bu baxımdan Rusiya İstintaq Komitəsinin rəhbərinin belə bir fikir səsləndirməsi anlaşılmazlıq yaradır. Təbii olaraq biz daha çox Rusiya Prezidentinin bəyanatına inanmalıyıq. Əgər Bastrıkin bu fikri bilərəkdən və düşünülmüş şəkildə səsləndiribsə, bu, tamamilə yanlışdır və iki ölkə arasındakı münasibətlərə xələl gətirir. Paralel olaraq, Rusiya Prezidentinin bundan xəbərdar olması və bu cür fikirlərin səsləndirilməsi artıq ciddi siyasi fiqur olan ölkə başçısının ikili mövqe nümayiş etdirməsi kimi qəbul edilə bilər ki, bu da inandırıcı görünmür".
Vüqar İskəndərovun fikrincə, hazırda Rusiya siyasi isteblişmenti tərəfindən bu mövzu ilə bağlı digər konkret rəylərin irəli sürülməməsi və müəyyən sakitliyin müşahidə olunması düşündürür ki, yəqin Bastrıkin bu açıqlamanı tələsik verib və vəziyyət elə də deyil:
"Əgər bu belə olmazsa və yekun olaraq həmin fikir Azərbaycan tərəfinə təsdiq kimi göndərilərsə, bu, təbii olaraq Rusiya-Azərbaycan münasibətlərinə zərər vura biləcək məsələdir. Bu gün Azərbaycan ictimaiyyəti bu ağır cinayətdə əli olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsini və beynəlxalq Çikaqo Konvensiyasına, eləcə də hər iki ölkənin milli qanunvericiliyinə əsasən zərərçəkənlərə kompensasiyanın verilməsini gözləyir. Bu mənada Rusiya Federasiyası bu məsələni tam aydınlaşdırmalı və artıq bu faciəyə münasibətdə konkret mövqeyini ortaya qoymalıdır".
Nuriyyə NATİQQIZI