AZ

Vurulan AZAL təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI

Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında Musavat.com əməkdaşının sualına cavabında bildirib ki, Azərbaycan rəsmiləri Rusiya tərəfi ilə təmaslar zamanı AZAL təyyarəsinin vurulmasının istintaqı barədə məsələni hər zaman qaldırır.

Nazir xatırladıb ki, dekabrın 10-da Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı da bu mövzu müzakirə olunub.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, yaxın günlərdə Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən imzalanmış məktub Azərbaycana təqdim edilib:

“Məktubda yumşaq desək, ciddi təəccüb doğuran bəzi məqamlar diqqət çəkirdi. Məqamlardan biri ondan ibarədir ki, cənab Bastrıkin bu cinayət işinə xitam verilməsi barədə məlumatı bölüşüb. Bu, ciddi suallar yaradır və təəccüb doğurur.

Həmin məktuba Azərbaycanın müvafiq qurumu tərəfindən təfsilatlı mövqe ortaya qoyulub və Rusiya tərəfinə çatdırılıb. Güman edirəm ki, bu məsələyə aydınlıq gətiriləcək. Ən azından bizim gözləntimiz iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq bu məsələ ilə bağlı araşdırmanın başa çatdırılması, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənməsidir”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli hesab edir ki, sözügedən məktub Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlərlə ziddiyyət təşkil edir.

MİRZEBEY.jpeg

Musavat.com-a şərhində deputat bildirib ki, Rusiyanın bu cür davranmasının bir neçə səbəbi var:

“Hörmətli xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bu məsələyə diplomatik üslubda ölkəmizin mövqeyini ifadə edib və nazirin qeyd etdiyi kimi, Azərbaycan bu məsələ ilə bağlı müvafiq qaydada yazışmalarda öz mövqeyini bütün detalları ilə qarşı tərəfə çatdırıb. Əslində, İstintaq Komitəsinin rəhbərinin Azərbaycan tərəfinə ünvanladığı məktub prinsip etibarilə Rusiya dövlət başçısının səsləndirdiyi fikirlərlə tam ziddiyyət təşkil edir. Çünki Düşənbədə Vladimir Putin bəyan etmişdi ki, kompensasiya ödəniləcək və günahkarların cəzalandırılması istiqamətində addımlar atılacaq. Amma keçən müddət ərzində biz tamamilə fərqli yanaşmanın şahidi olduq. Bu onu göstərir ki, ya Rusiyada qərarlar mərkəzi hakimiyyətin məlumatı olmadan və ya iradəsinə zidd şəkildə həyata keçirilir, ya da idarəçilik sistemində hava hücumundan müdafiə sistemində olduğu kimi, ciddi boşluqlar mövcuddur. Yaxud da Rusiya özünəməxsus, ənənəvi “dovşana qaç, tazıya tut” siyasətini davam etdirir.

Rusiyanın bu cür davranmasının bir neçə səbəbi var. Məlum olduğu kimi, ilk günlər Rusiya bu hadisəni, yəni Azərbaycan təyyarəsinin vurulması faktını fərqli istiqamətdə yozmağa və prosesdə guya Ukraynanın günahkar olduğunu önə çəkməyə çalışırdı. Amma həm Azərbaycanın apardığı ciddi araşdırmalar, həm də Qazaxıstanda keçirilən istintaq nəticəsində əldə olunan faktlar Rusiyanın məsuliyyətdən yayınmasına imkan vermədi.

AZAL

Digər tərəfdən, Rusiya postsovet məkanında dominant rol iddiasında olan ölkədir və görünür ki, bu hadisə ilə bağlı hüquqi addımların atılmasının presedent yaradacağından ehtiyat edir. Rusiya “ağam mənə kor deyib, gələn-keçəni vur” prinsipi ilə hərəkət edir və düşünür ki, bu davranışı hər kəsə tətbiq etmək mümkündür. Onun fikrincə, hüquqi addımlar atmaq reputasiyasına zərər verə bilər. Halbuki, reputasiyası onsuz da zədəli idi. Əgər postsovet məkanında, o cümlədən Azərbaycanda və Mərkəzi Asiya respublikalarında Rusiya ilə münasibətlərin sivil qaydada inkişafına ümid bəsləyən insanlar var idisə, bu hadisədən sonra onların mövqeyi də tam əksinə dəyişdi”.

Elçin Mirzəbəylinin fikrincə, Rusiya eyni zamanda bu məsələ ilə bağlı hüquqi addımlar atılacağı təqdirdə onun hava hücumundan müdafiə sistemindəki boşluqların üzə çıxacağından ehtiyat edir, amma həmin boşluqlar faktiki olaraq artıq ortadadır:

“Əgər Azərbaycana məxsus mülki təyyarə raketlə vurulursa, bu artıq həmin ölkənin hava müdafiə sisteminin idarəolunmaz halda olduğunu sübuta yetirən fakt kimi dəyərləndirilə bilər. Bəs Rusiya bununla nə qazandı? Qənaətimə görə, heç nə. Azərbaycana qarşı təzyiq dili ilə həyata keçirmək istədiyi siyasət əks-effekt verdi. Azərbaycanın qətiyyətli mövqeyi, prinsipial addımları Rusiyanın bölgədə və bütövlükdə Avrasiya məkanındakı mövqeyini, nüfuzunu xeyli zədələdi.

Rusiya istər ikitərəfli münasibətlərdə, istərsə də çoxtərəfli münasibətlərdə hüquqi hadisəni etiraf etmədiyinə görə heç nə qazanmadı. Bu səbəbdən düşünürəm ki, əgər bundan sonra da eyni yanaşma davam edərsə, bu artıq Azərbaycan və Rusiya arasında onsuz da zədələnmiş etimad mühitinin tamamilə qırılmasına səbəb olacaq. Bu, təkcə Azərbaycanla münasibətlərdə deyil, daha geniş arealda, digər dövlətlərlə münasibətlərdə də özünü büruzə verəcək”.

Seçilən
9
33
turkustan.az

10Mənbələr