“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen Afrika Kubokunda vurduğu qollarla diqqəti öz üzərinə cəmləyib. 26 yaşlı qolçu üçün elçi düşən Avropa nəhənglərinin sayı durmadan artır. Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın “Real Madrid” və “Barselona” klubları da Osimhenin xidmətində maraqlıdır.Bu iki klubun qaradərili ulduz üçün 150 milyon avro ödəməyə hazır olduğu iddia edilir. Buna səbəb “Qalatasaray”ın ulduzunun Afrika Kubokunda qolları ard-arda sıralamasıdır. Sarı-qırmızılı hücumçunun ötən gün Tunis yığmasının qapısından 2 qol keçirməsi onun dəyərini daha da artırıb.Türkiyə KİV-i İstanbul klubunun nigeriyalı futbolçunu satmaq niyyətində olmadığını yazıb. “Osimhenin ‘Qalatasaray’a faydası çox böyükdür. Çempion olmaq istəyən bir klub Osimhen kimi ulduzu satmaq barədə düşünə bilməz. Üstəlik, hücumçu özünü İstanbulda çox xoşbəxt hiss edir”, – Türkiyə mediası yazıb.Qeyd edək ki, Viktor Osimhen 2025-ci ildə 51 rəsmi matça çıxıb. O, 46 dəfə rəqib komandanı oyunu mərkəzdən başlamağa məcbur edib.