AZ

Ekspert: Gələn ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması iqtisadiyyatın real sektorunda stimul yaradır

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycanda 2026-ci ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkə gündəminin əsas mövzularından biridir. Bu qərar yalnız infrastruktur layihələrinin artımı deyil, həm də iqtisadiyyatın real sektorunda stimul yaradır. Bu qərar post münaqişə dövrünün məntiqi davamı olmaqla həm də qeyri-neft sektorunun genişləndirilməsi baxımından mühüm addımdır.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, tikinti sektoru iqtisadiyyatda multiplikativ təsiri ən yüksək olan sahələrdən biridir.

“Son illərin statistikasına baxsaq görərik ki, tikinti sektoru ÜDM-nin təxminən 6-7 faizini onunla əlaqəli sahələr isə 15 faizə yaxın hissəsini formalaşdırır. Yəni tikinti sadəcə bir sektor deyil, böyük iqtisadi zəncirdir. Yəni burada qoyulan hər 1 manat investisiya paralel olaraq nəqliyyat, inşaat materialları istehsalında metallurgiya sahəsində, logistika, xidmət sahələrində məşğulluq səviyyəsini artıraraq əlavə dəyər yaradır. 2026-ci ildə gözlənilən genişmiqyaslı “Şəhərsalma və Memarlıq İli” layihələri ÜDM-nin artımını sürətləndirə, minlərlə iş yeri və regionlarda iqtisadi inkişafı sürətləndirə bilər. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu təsir daha aydın hiss olunacaq”, - deyə ekspert vurğulayıb.

S.Heydərov qeyd edib ki, 2026-ci ilin büdcəsində əsaslı xərclərin həcmi 14 milyard manat civarındadır ki, bunun da əhəmiyyətli hissəsi yol və nəqliyyat infrastrukturu, mənzil-kommunal təsərrüfatı, sosial obyektlərin tikintisi, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək: “Müqayisə üçün deyim ki, son 5 ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 21 milyard manatdan çox dövlət vəsaiti ayrılıb. 2026-ci ilin büdcəsində də işğaldan azad olunmuş torpaqların bərpası işlərinə yenidən 3,5 milyard manat ayrılıb. Beynəlxalq təcrübəyə görə tikinti sektoruna 1 manatlıq dövlət investisiyası ÜDM-də 1,5 manat-2 manatlıq artım yarada bilir. Azərbaycan üçün bu o deməkdir ki 2026-cı ildə tikinti abadlıq layihələri ÜDM artımına 0,8-1 faizlik artım əlavə edə bilər. Xüsusilə qeyri neft sektoruna təsiri güclü olacaq”.

Ekspert statistikada qeyd edilən rəqəmlərə istinadən bildirib ki, tikinti sektorunda hazırda təxminən 120 min nəfər çalışır. 2026-cı ildə planlaşdırılan layihələr hesabına əlavə birbaşa və ya dolayı olaraq 40-50 min yeni iş yerinin yaranması mümkündür.

“Bununla da regionlarda məşğulluq səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər. Bu həm də daxili miqrasiyanın azalmasına təsir edəcək. Son illərdə işğaldan azad olumuş ərazilərə 40 min dən çox ailə köçürülüb. 2026-cı ildə bu rəqəmin 66 minə çatdırılması planlaşdırılır. Yeni məktəblər, xəstəxanalar, su və enerji infrastrukturu, insan kapitalının keyfiyyətini artırır, bu isə uzunmüddətli iqtisadi artım üçün əsas şərtdir. Statistik göstəricilər onu deməyə əsas verir ki, 2026-cı il təkcə tikinti ili yox, qeyri-neft iqtisadi strukturunun möhkəmləndrilməsi ili ola bilər. Bu proses Azərbaycan iqtisadiyyatına uzunmüddətli və dayanıqlı təsir göstərəcək”, - deyə Samir Heydərov əlavə edib.

Seçilən
81
41
azertag.az

10Mənbələr