AZ

“2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan olunması inkişafda yeni mərhələnin başlanğıcıdır”

Milli Məclisin deputatı Azər Kərimli Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsini yüksək qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, bu qərar ölkənin sosial-iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, sözügedən addım təkcə urbanistik və estetik yanaşmanın gücləndirilməsi deyil, eyni zamanda müasir idarəetmə, dayanıqlı inkişaf, milli-mədəni irsin qorunması və post-müharibə dövründə ərazilərin sistemli şəkildə yenidən qurulmasına xidmət edir.

Azər Kərimli vurğulayıb ki, müasir şəhərsalma anlayışı artıq yalnız tikinti fəaliyyəti ilə məhdudlaşmır, sosial münasibətlərin təşkili, insan kapitalının inkişafı, ekoloji balansın qorunması və ictimai rifahın təmin olunması ilə birbaşa bağlıdır. O qeyd edib ki, Azərbaycan bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan və milli xüsusiyyətləri nəzərə alan konseptual yanaşma formalaşdırıb.

Deputat xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini vurğulayıb. Bildirib ki, bu layihələrdə enerji səmərəliliyi, yaşıl texnologiyalar, rəqəmsal idarəetmə və sosial inklüzivlik əsas prinsiplər kimi çıxış edir və 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan olunması bu modelin ölkə miqyasında daha da dərinləşdirilməsinə imkan yaradacaq.

Azər Kərimli çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən layihələrdə memarlıq təkcə forma deyil, həm də məzmun və ideologiya daşıyıcısı kimi çıxış edir. Yeni inzibati binalar, mədəniyyət mərkəzləri və ictimai məkanlar milli üslubun müasir memarlıq dili ilə təqdim olunmasının bariz nümunəsidir.

Deputat əlavə edib ki, Şəhərsalma və Memarlıq İli elan olunmasının xüsusi rəmzi mənası var. Çünki Azərbaycan bu mərhələyə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə kimi daxil olur. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri artıq beynəlxalq səviyyədə unikal post-müharibə şəhərsalma modeli kimi dəyərləndirilir.

Azər Kərimli sonda vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin sistemli və məqsədyönlü inkişaf modelini əks etdirir və bu model milli maraqlar, suverenlik, ədalət və inkişaf üzərində qurulub.

Afət ZİYADQIZI

Seçilən
57
2
operativmm.az

4Mənbələr