27 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən icra olunan “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə bilik yarışı keçirilmişdir.
QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Yarışda ümumilikdə 8 komandanın — Zəfər, Qarabağ, Xarıbülbül, Azər, Xudayar, Şuşa, Uğur və Turan komandalarının tərkibində 46 nəfər gənc iştirakçı bilik və bacarıqlarını nümayiş etdirmişdir.
Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri, əhəmiyyəti və donor qurum olan Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi barədə iştirakçılara ətraflı məlumat vermişdir. O, layihənin əsas hədəfinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik hissinin gücləndirilməsi olduğunu xüsusi vurğulamışdır.
Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Əziz Məsmalıyev Azərbaycan Ordusunun gücü və milli birliyin əhəmiyyəti haqqında danışmış, gəncləri vətənə sədaqət, dövlətçilik dəyərlərinə bağlılıq ruhunda səsləndirmişdir. O, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrinin gənclər üçün daim örnək olduğunu qeyd edərək, onların xatirəsinin hər zaman uca tutulmasının vacibliyini diqqətə çatdırmışdır. Çıxış zamanı gənclərə vətənpərvər ruhda yetişmək, elmə önəm vermək və sağlam həyat tərzi sürmək tövsiyə olunmuşdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı kimi müəyyən edilmişdir:
• I yer — Xarıbülbül komandası
• II yer — Zəfər komandası
• III yer — Şuşa komandası
Qalib komandalar medal, diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşmışdır.