AZ

“Qalib Lider, Güclü Gənclik”: Qazaxda maarifləndirici görüş keçirilib / FOTOLAR

25 dekabr 2025-ci il tarixində “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində Qazax Sosial-İqtisad Kollecində gənclərlə maarifləndirici görüş təşkil olunub.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan layihə çərçivəsində Qazax və Ağstafa rayonlarında silsilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Layihə çərçivəsində ikinci maarifləndirici görüş Qazax Sosial-İqtisad Kollecində keçirilib.

"Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Maarifləndirici görüşdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri, əhəmiyyəti və donor qurum – Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi barədə iştirakçılara ətraflı məlumat verib. O, layihənin əsas məqsədinin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik hissinin gücləndirilməsi olduğunu vurğulayıb.

Daha sonra Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, 44 günlük Vətən müharibəsi qaziləri Carcıyev Elvin və Hüseynov Xaqani, eləcə də Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa filialının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Mirzahid Hacıyev çıxış ediblər. Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, Azərbaycan Ordusunun gücündən, milli birliyin və həmrəyliyin əhəmiyyətindən bəhs olunub. Natiqlər gəncləri vətənə sədaqət, dövlətçilik dəyərlərinə bağlılıq ruhunda yetişməyə səsləyiblər.

Çıxış edənlər şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrinin gənclər üçün hər zaman örnək olduğunu qeyd edib, onların xatirəsinin daim uca tutulmasının vacibliyini diqqətə çatdırıblar. Gənclərə vətənpərvər ruhda yetişmək, elmə və təhsilə xüsusi önəm vermək, sağlam həyat tərzi sürmək tövsiyə olunub.

Maarifləndirici görüş interaktiv diskussiya formatında davam edib, gənclərin sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir gənclərdə yüksək əhval-ruhiyyə yaradaraq onların vətənpərvərlik hisslərinin daha da güclənməsinə, milli dəyərlərə və dövlətçilik ideyalarına bağlılıqlarının artmasına mühüm töhfə verib. Görüş xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

Seçilən
1
2
qht.az

5Mənbələr