Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli sənətkar, Bakı Bələdiyyə Teatrının (BBT) yaradıcısı Amalya Pənahovanın (1945-2018) 80 illiyinə həsr olunmuş “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” adlı yubiley gecəsi keçirilib. Dekabrın 28-də Heydər Əliyev Sarayında təşkil olunan gecədə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, eləcə də tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək aktrisanın sənət yolundan, Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi böyük töhfələrdən danışıb, öz xatirələrini bölüşüblər.
Cavid İmamverdiyevin quruluş verdiyi gecədə A.Pənahovanın tamaşalarda səsləndirdiyi mahnıların lent yazılarının müşayiətində Azərbaycan Dövlət Rəqs Ansamblının nümayiş etdirdiyi performans böyük maraq doğurub.
Xalq artistləri İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Əməkdar artistlər Sevda və Elmira Ələkbərzadələr öz ifaları ilə yubiley şöləninə rəng qatıblar. Xalq artistləri Kazım Abdullayev “Medeya”, Nurəddin Mehdixanlı isə “Tomris” tamaşalarında A.Pənahovanın vaxtilə tərəf-müqabil olduqları hissələri nümayiş etdiriblər. Bundan əlavə, Xalq artisti Hacı İsmayılovla BBT-nin aktrisası Zülfiyyə Qurbanovanın ifasında “Unuda bilmirəm”, Əməkdar artist Elşən Rüstəmovla BBT-nin aktrisası Ülviyyə Rzanın təqdimatında “Təhminə və Zaur” tamaşasından parçalar alqışlarla qarşılanıb.