AZ

Ağstafada dövlətçilik, birlik və Yeni il mesajları

Ağstafada 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ümumrayon bayram tədbiri yüksək əhval-ruhiyyə və böyük coşqu ilə qeyd olunub.

Ağstafa Rayon Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Yeni ilin işıqlı ovqatını, birlik və həmrəylik ruhunu özündə əks etdirib.

Bayram tədbirini giriş sözü ilə açan RİH başçısı Seymur Orucov iştirakçıları 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, hər kəsə möhkəm cansağlığı, ailə səadəti və firavan həyat arzulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi üzərində qurulan müasir, müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Seymur Orucov çıxışında vurğulayıb ki, Azərbaycanın şanlı tarixində “Konstitusiya və Suverenlik İli” kimi əlamətdar hadisələrlə yadda qalan 2025-ci il ölkəmiz üçün mühüm uğurlar, tarixi nailiyyətlər və qələbələrlə müşayiət olundu. Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə dövlətimizin uzunmüddətli inkişaf strategiyasının növbəti təzahürü olmaqla, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə, müasir yaşayış mühitinin formalaşdırılmasına və dayanıqlı gələcəyin qurulmasına xidmət edir.

Rayon rəhbəri xüsusi olaraq Böyük Qayıdış proqramından danışaraq qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və gələcəyə olan inamını bütün dünyaya nümayiş etdirir. “Bu torpaqlarda təkcə şəhərlər deyil, ümidlər, xəyallar və gələcək nəsillərin xoşbəxt həyatı bərpa olunur”, – deyə Seymur Orucov bildirib.

Tədbir çərçivəsində rayonun ictimai həyatında və müxtəlif sahələrdə fərqlənən şəxslər təltif olunublar. Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Mustafayev Rizvan Həsən oğlu, idman sahəsində əldə etdikləri nailiyyətlərə görə karate üzrə yarışların qalibi, Vətən müharibəsi şəhidinin qızı Mustafazadə Mahnur Ramiz qızı və Yolçuzadə Ümid Rizvan oğlu Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə mükafatlandırılıblar. Həmçinin “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyevə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Media İnkişafı Agentliyi tərəfindən təqdim olunmuş “Yubiley medalı” rayon ictimaiyyətinə təqdim edilib.

Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin, məktəblilərin rəngarəng çıxışları ilə davam etdirilib. Musiqilər, rəqslər və Yeni ilə həsr olunmuş səhnəciklər tədbirə xüsusi bayram ab-havası qatıb.

Ümumilikdə tədbir Ağstafada birlik, həmrəylik və gələcəyə inam ruhunun parlaq təzahürü olmaqla, Yeni ilin sevincini rayon ictimaiyyəti ilə birgə paylaşan yaddaqalan bayram gününə çevrilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Seçilən
17
50
xalqqazeti.az

10Mənbələr