AZ

Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsinə dair qaydalar təsdiqlənib

Prezident İlham Əliyev dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydaları təsdiqləyib.

FED.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) xalis mənfəətinin bölüşdürülməsini və dividend siyasətinin ümumi prinsiplərini, həmçinin xalis mənfəətin bölüşdürülməsinə, o cümlədən dövlət büdcəsinə dividend ödənişlərinə dair nəzarət mexanizmləri ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

Qaydalar səhmləri ölkə hüdudlarından kənarda aparıcı birjaların listinq siyahısında yer alan dövlət müəssisəsinə şamil edilmir.

Bundan başqa, İ.Əliyev dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydalarını təsdiq edib.

Dövlət başçısının imzaladığı fərmana əsasən, Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

Dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlilini Maliyyə Nazirliyi həyata keçirir.

Dövlət müəssisələri bu Qaydalarda nəzərdə tutulan məlumatları və hesabatları Nazirliyə təqdim edirlər.

Mikro və kiçik sahibkarlıq subyekti olan dövlət müəssisələri Nazirliyə yalnız Qaydalarda nəzərdə tutulan məlumatları təqdim edirlər.

Qaydalar maliyyə təsisatları istisna olmaqla qeyri-kommersiya hüquqi şəxslərinə, uşaq evlərinə, sosial xidmət müəssisələrinə, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərinə, xüsusi təhsil müəssisələrinə, ailə tipli kiçik qrup evlərinə şamil edilmir.

Nazirlər Kabineti dövlət müəssisələrinin müşahidə şuralarında (himayəçilik şuralarında və ya direktorlar şuralarında) Maliyyə Nazirliyinin nümayəndəsinin təmsil olunması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi Qaydalarda nəzərdə tutulan məlumat və hesabat formalarını iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi yeni dövlət müəssisəsinin təsis edilməsi, habelə mövcud dövlət müəssisəsinin yenidən təşkili və ya ləğvi ilə bağlı məlumatları hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındığı tarixdən 5 iş günü müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir.

Dövlət müəssisələri Qaydalarda nəzərdə tutulmuş məlumatları (hesabatları) 2026-cı il aprelin 1-dən başlayaraq, həmin Qaydalarda göstərilmiş müddətlərdə Maliyyə Nazirliyinin müəyyən etdiyi formada, eyni zamanda 2023 – 2025-ci illərin yekunu üzrə maliyyə hesabatlarını (maliyyə hesabatının tərtibi qanunla müəyyən edilmiş qaydada məcburi olduğu halda), habelə 2026-cı il üzrə təsdiq edilmiş büdcələrini 2026-cı il aprelin 30-na qədər həmin nazirliyə təqdim etməlidirlər.

Seçilən
19
44
fed.az

10Mənbələr