Bu gün "Formula 1" dünyası tarixinin ən faciəli günlərindən birini xatırlayır.
Publika.az xəbər verir ki, düz 12 il əvvəl, 2013-cü ildə yeddiqat dünya çempionu Mixael Şumaxer Fransanın Meribel kurortunda xizək sürərkən ağır kəllə-beyin travması alıb.
Hadisədən sonra Şumaxer bir neçə əməliyyat keçirib və süni komaya salınıb. O, 2014-cü ilin yayında komadan çıxsa da, həmin vaxtdan etibarən daimi qayğıya ehtiyac duyur. Əfsanəvi almaniyalı pilotun səhhəti ilə bağlı detallar isə ciddi şəkildə məxfi saxlanılır.

Çempionun həyat yoldaşı Korinna Şumaxer üçün Mixaelin şəxsi həyatının qorunması prinsipial əhəmiyyət daşıyır. O, bu barədə "Netflix"-in son sənədli filmində də danışıb.