ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən son görüş ilkin baxışda sülhə doğru ciddi irəliləyiş təsiri bağışlasa da, görüşün detalları və sonrakı açıqlamalar yaxın perspektivdə dayanıqlı sülhün əldə olunmasının real olmadığını göstərir. Tərəflərin öz dilləri ilə ifadə etdiyi kimi, razılaşmanın əsas hissəsi formalaşıb, lakin ən kritik məqamlar açıq qalır.
Zelenskinin sözlərinə görə, sülh planının 90 faizi üzrə razılıq əldə edilib, təhlükəsizlik təminatları məsələsində isə razılaşma 100 faizdir. Lakin məhz qalan 10 faiz danışıqların taleyini müəyyənləşdirir. Bu faiz Donbasda ərazilər, təhlükəsizlik zonaları və silahsızlaşdırma kimi ən həssas məsələləri əhatə edir.
Zelenski özü də etiraf edir ki, ərazi məsələsi “çox mürəkkəb” olaraq qalır və bu mövzuda Tramp ilə mövqeləri üst-üstə düşür. Ukrayna liderinin həll variantı kimi referendum təklif etməsi isə rəsmi Kiyevin kompromis axtarışında olduğunu göstərir: “Həm Ukrayna qanunlarına, həm də xalqına hörmət edilməlidir. Ukraynalıların Donbas məsələsində mövqeyi çox aydındır. Biz referendumu müzakirə etdik və bundan plan üçün istifadə edə bilərik”.
Lakin bu yanaşma Moskva üçün qəbuledilməzdir. Rusiya tərəfi referendum ideyasını qəti şəkildə rədd edir və bu da danışıqların əsas dalana dirəndiyi nöqtəni açıq şəkildə ortaya qoyur.
Donald Tramp da Donbas məsələsinin hələ həll olunmadığını gizlətmir. ABŞ prezidenti ümumi prosesə nikbin yanaşsa da, konkret olaraq ən çətin problemlərin məhz bu mərhələdə cəmləndiyini etiraf edir: “Məsələlərin 95%-nin həll olunduğunu deyə bilərsiniz, amma mən faiz verməyi xoşlamıram. Bir və ya iki çox çətin məsələ var”.
Trampın digər açıqlaması isə sülh prosesinin nə qədər kövrək olduğunu göstərir. Onun sözlərinə görə, atəşkəs və referendum üçün barışıq məsələsi müzakirə olunmayıb, çünki Vladimir Putin buna qarşı çıxır: “Putin referendum üçün atəşkəs istəmir. O, atəşi dayandırıb yenidən atəş açmalı olduğu bir vəziyyətdə qalmaq istəmir”.
Bu açıqlama Moskvanın əsas niyyətini açıq şəkildə ortaya qoyur. Belə ki, Rusiya nəzarət etdiyi ərazilərdə mövqelərini möhkəmləndirmədən və təhlükəsizlik zəmanətləri almadan prosesə razı deyil.
Trampın mətbuat konfransında səsləndirdiyi ən diqqətçəkən fikir isə sülh planının uğursuzluq ehtimalı ilə bağlı idi: “Əgər sülh planı işə yaramasa, vuruşmalı və ölməli olacağıq… Bu, pisdir. Amma heç nə alınmasa, ölümlər davam edəcək”.
Bu ritorika Vaşinqtonun da prosesin nə qədər riskli olduğunu dərk etdiyini göstərir.
Eyni mövqe ABŞ vitse-prezidenti C.D. Vensin açıqlamalarında da açıq şəkildə hiss olunur. Vens danışıqlardakı “irəliləyiş” anlayışını klassik razılaşma kimi yox, reallıqların açıq şəkildə masaya qoyulması kimi izah edir: “İrəliləyiş bütün məsələlərin artıq açıq şəkildə müzakirə olunmasıdır”.
Onun sözlərinə görə, sülhün əldə olunacağına dair zəmanət yoxdur: “Bu gün burada oturub, sülh yolu ilə həll yoluna çatacağımızı qəti şəkildə deməzdim”.
Vensin Donetsklə bağlı dedikləri isə danışıqların əsas qırılma nöqtəsini dəqiq ifadə edir: “Ruslar Donetsk üzərində nəzarət istəyirlər, ukraynalılar isə bunu ciddi təhlükəsizlik məsələsi kimi görürlər”.
Daha da diqqətçəkən məqam Ukrayna tərəfinin qapalı danışıqlarda verdiyi etirafla bağlıdır: “Ukraynalılar özəl şəkildə etiraf edirlər ki, nəticədə Donetsk bölgəsini itirəcəklər… Məsələ bunun nə vaxt baş verəcəyidir”.
Bu, rəsmi bəyanatlarla qeyri-rəsmi reallıqlar arasındakı dərin ziddiyyəti ortaya qoyur.
Tramp-Zelenski görüşündən sonra Trampın Avropa liderləri ilə keçirdiyi görüşlər isə prosesin yeni formatda davam etdiyini göstərir. Ukrayna məsələsi artıq ABŞ-Ukrayna-Avropa üçtərəfli formatında müzakirə olunur. Tramp administrasiyası əvvəlki dövrlərdən fərqli olaraq Avropa müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət etməyə üstünlük verir. Bu da Vaşinqtonun problemin miqyasını və mürəkkəbliyini tam dərk etdiyini göstərir.
Buna baxmayaraq, ABŞ özünü hələ də prosesin arbitri kimi aparır.
Əsas hədəf isə dəyişməz qalır: Putini sülhə vadar etmək. Lakin Kremlin mövqeyi hələ də sərtdir.
Moskva nəzarət etdiyi ərazilərin legitimləşdirilməsini və xüsusən NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı konkret təhlükəsizlik təminatları almaq niyyətindədir.
Məhz bu səbəbdən Vaşinqton, Kiyev və Brüssel Moskvaya qarşı sanksiya və iqtisadi təzyiq dilindən imtina etmir.
Bütün bu faktorlar onu deməyə əsas verir ki, Ukraynada yaxın perspektivdə dayanıqlı sülhün əldə olunması real görünmür. Müvəqqəti atəşkəs mümkündür, lakin ərazi, təhlükəsizlik və geosiyasi zəmanətlər kimi fundamental məsələlər həll olunmadan uzunmüddətli sülhə doğru addımların atılması vaxt aparacaq. Mövcud proses isə sülhdən çox, tərəflərin güc balansını yenidən ölçdüyü mürəkkəb və riskli bir mərhələni xatırladır.
Mürtəza