ain.az, Adelet.az portalına istinadən məlumat verir.
Bu gün şair, publisist Nüsrət Kəsəmənlinin doğum günüdür. Bir çox unudulmaz mahnıların mətn müəllifi, oxucular arasında sevgi şairi kimi adlandırılan Nüsrət Kəsəmənli 1946-cı ildə Ağstafa rayonunda anadan olub. Şairin yaradıcılığında sevgi şeirləri, nakam məhəbbət mövzusu əsas yer tutur. Bir sıra qısametrajlı və tammetrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. Şair bir neçə ekran işində aktyor kimi də obrazlar ifa edib. Bu səbəbdən onun mədəniyyət sahəsindəki fəaliyyətinin geniş olduğunu söyləyə bilərik.
Adalet.az-a danışan şairin oğlu Rəşat Kəsəmənli atası kimi iz qoymaq istədiyini, onunla fəxr etdiyini söyləyib:
“Əvvəla, onu qeyd edim ki, xalqımız sağ olsun ki, atamın yoxluğunu bizə yaşatmırlar. Hər addımda atamın adı xatırlanırsa, məni görəndə Nüsrət Kəsəmənlinin oğlu deyirlərsə, o deməkdir ki, Nüsrət Kəsəmənli yaşayır. Bəzən mənə deyirlər ki, sən artıq özün tanınmış insansan. Sənə Nüsrət Kəsəmənlinin oğlu Rəşat kimi müraciət edəndə qıcıq yaratmır? Deyirəm ki, əslə yox. Hətta bununla fəxr edirəm. Qürur duyuram ki, məni görəndə atamın adı çəkilir. Belə olan halda zərrə qədər olsa da, atama xidmət etmiş oluram. Bir övlad üçün bundan dəyərli hiss ola bilərmi? Kaş ki, mən də bu həyatda, bu sənətdə atam kimi elə bir iz qoya bilim. Mənim də övladım böyüyəndə övladımı mənimlə xatırlasınlar. Bundan böyük heç bir hiss ola bilməz. Atamla həmişə fəxr etmişəm. O mənim qürur yerimdir”.
Əntiqə Kərimzadə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.