Qarşıdan gələn günlərdə gözlənilən sərnişin axınının artması və səyahət intensivliyinin yüksəlməsi nəzərə alınaraq, 29 dekabr – 5 yanvar tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə göstərilən xidmətlərin fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətlə təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Cebheinfo.az" bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata əsasən, bu dövrdə hava limanının bütün əsas xidmət strukturları gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. Əlavə növbətçilik qrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirləri genişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi və əməliyyat proseslərinin operativliyi artırılacaq.
Bildirilib ki, sərnişinlərə uçuşdan ən azı 2 saat əvvəl hava limanına gəlmələri, müəyyən edilmiş qaydalara əməl etmələri və hava limanı əməkdaşlarının göstərişlərinə riayət etmələri tövsiyə olunur. Bu, bütün prosedurların rahat və vaxtında tamamlanmasına şərait yaradacaq.
Sərnişinlərin hava limanına rahat və vaxtında çatmalarını təmin etmək məqsədilə "Aeroexpress" xidmətindən istifadə tövsiyə edilir. Avtobuslar hər 15 dəqiqədən bir "28 May" m/s – "Koroğlu" m/s – Hava limanı marşrutu üzrə hərəkət göstərir.
Eyni zamanda, vaxt itkisinin qarşısını almaq və qeydiyyat prosesini sürətləndirmək üçün sərnişinlərə uçuşdan əvvəl onlayn qeydiyyatdan istifadə etmələri tövsiyə olunur.
Sərnişinlər səyahət öncəsi və səyahət zamanı yaranan suallarla bağlı rəsmi internet saytı və məlumat xidmətləri vasitəsilə operativ və aktual məlumat əldə edə bilərlər.
"Cebheinfo.az"