Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Karvan-Yevlax” klubu transfer çalışmalarını davam etdirir.
Bölgə təmsilçisi heyətini hücumçu ilə gücləndirmək niyyəyindədir. Komandada legioner limiti dolu olduğu üçün məşqçilər heyəti yerli forvard axtarışındadır.
Rəhbərlik əvvəlcə Qırğızıstanın “Ozqon” klubunda çıxış edən Orxan Əliyevi gündəminə alıb. Ancaq futbolçu Azərbaycana qayıtmaq istəmədiyi üçün transfer baş tutmayıb.
Növbəti hədəf isə Albaniya “Partizani”sində çıxış edən Vüsal İsgəndərlidir. Tərəflər arasında ilkin danışıqlar baş tutsa da, hələlik konkret bir nəticə yoxdur.
“Karvan-Yevlax”ın gündəmində olan daha bir hücumçu Amil Yunanovdur. I Liqa klubu “Şəfa”da çıxış edən futbolçu az oynadığı üçün əvvəlki formasından uzaqdır.
Bu səbəbdən də Yevlax klubu bu transferin uğurlu olacağını düşünmür. Ancaq rəhbərlik axtarışlarını davam etdirir. Məşqçilər heyəti qısa vaxtda bu mövqeyə yeni oyunçu cəlb edilməsini istəyir.
Həsən Quluzadə / İdmanxeber.az