AZ

“Hər məğlubiyyət mənim üçün bir dərs idi” - Jalə Əliyevanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Ötən il, şübhəsiz ki, Jalə Əliyevanın karyerasında ən uğurlu il olub. Əslən Gəncədən olan 24 yaşlı idmançı qadın güləşi üzrə Avropa Çempionatında və İslam Oyunlarında bürünc medal qazanıb. Onun uğurunun zirvəsi isə Azərbaycanda 2025-ci ilin ən yaxşı qadın idmançısı seçilməsi olub.

İdman.Biz oxuculara idman ilinin qəhrəmanı ilə müsahibəni təqdim edir.

-İlin qadın idmançısı seçiləcəyinizi gözləyirdiniz?

-Hədəfim hər zaman öz üzərimdə çalışmaq və ən yaxşı nəticəni göstərmək olub. İlin ən yaxşı idmançısı seçiləcəyimi düşünmürdüm, bunun üçün var gücümlə çalışmışdım. Bu mükafat mənim üçün həm böyük sevinc, həm də gələcək uğurlar üçün əlavə məsuliyyətdir. Bu uğurda federasiyamızın yaxından dəstəyi də böyük rol oynadı. İlboyu keçdiyimiz yüksək səviyyəli təlim-məşq toplanışları, həssaslıqla həyata keçirilən bərpa prosesi - bütün bunlar yarışlarda uğurlu çıxışıma və sonda ilin idmançısı seçilməyimə kömək oldu.

-Əlinizdə imkan olsaydı, bu nominasiyada kimi seçərdiniz?

-Buna müxtəlif aspektlərdən baxmaq və müxtəlif normativlərlə dəyərləndirmək olar. Hesab edirəm ki, istər bizim millinin heyətində, istərsə də başqa idman növlərində kifayət qədər güclü qadınlar var ki, onları da ilin ən yaxşısı seçmək olardı. Konkretləşdirə bilmərəm.

-Doğma şəhəriniz Gəncədə kifayət qədər tanınırsınız? Bunun hər hansı imtiyazı olubmu?

-Bəli, Gəncədə idman sahəsində müəyyən qədər tanınıram. Yarışlar, nailiyyətlər və fəaliyyətim insanlara tanışdır. Bu da mənə əlavə məsuliyyət və motivasiya verir. Mən Gəncədə doqquz yaşımdan məşq edirəm. Bu illər ərzində buradakı hər künc, hər zal mənim üçün bir mərhələ olub. İnsanlar da buna şahiddir. Hətta deyirlər ki, “Gəncədə gəlib zal açsan, mütləq gələrik!” Bu sözlər mənim üçün təkcə dəstək deyil, həm də illərlə çəkdiyim zəhmətin dəyərini hiss etməkdir.

-Avropa çempionatında gümüş və bürünc medal əldə etmisiniz. Qızıl medal qazanmaq üçün hər dəfə nə çatışmır? 2026-da titul qazanmaq mümkün olacaqmı?

-Avropa çempionatlarında mükafatçı olmaq böyük nailiyyətdir, amma etiraf edim ki, hər dəfə qızıl medal üçün çox yaxın olsam da, bəzi detallar çatışmırdı. Bəzən bir anlıq diqqət itkisi, bəzən psixoloji gərginlik, bəzən də zədələrin təsiri ilə titul qazana bilməmişəm. Yarış öncəsi hazırlıq prosesində hər şey ideal getsə də, xalçaya çıxanda ən kiçik detal belə nəticəyə təsir edə bilir. Amma hər məğlubiyyət mənə dərs oldu, təcrübə qazandırdı və inanıram ki, o qızıl da gələcək. Sadəcə zaman və daha da güclü inam lazımdır. 2026-cı ildə qızıl medal qazanmaq üçün əzmlə çalışıram və inanıram ki, vaxtı gəldikdə bu uğur mənim olacaq.

-İslam Həmrəyliyi Oyunlarında iki dəfə qalib gəlmisiz. Hansı çempionluq daha çətin alındı?

-İkinci uğur daha çətin oldu, çünki bu il zədələrlə çox mübarizə apardım. Bu, həm fiziki, həm də psixoloji baxımdan böyük sınaq idi. Amma iradəmdən və əzmkarlığımdan heç vaxt vaz keçmədim.

-Qadın güləşçilərin çəkisalma prosesində çox çəki salması problem yaradır. Qadın idmançı kimi bu proseslə bağlı hansı məsləhətlər verə bilərsiniz?

-Bəli, ən önəmlisi çox sürətli və böyük həcmdə çəki salmamaqdır. Çünki sürətli çəki itkisi insan sağlamlığına zərər verə, enerji itkisinə və performans düşüşünə səbəb ola bilər. Həftədə 1-2 kq, tədricən və sağlam şəkildə arıqlamaq daha faydalıdır. Bu, həm idman formamı qoruyar, həm də bədənə stress yaratmaz.

-Yeni ili necə və kimlərlə keçirməyi planlaşdırırsınız?

-Yeni ili ailəmlə birlikdə keçirəcəyəm. Bu il bayram bizim üçün daha da mənalıdır, çünki qardaşım hərbi xidmətə yollanır. Onu yola salmazdan əvvəl ailə olaraq bir arada olmaq, birlik və qürur hissini yaşamaq bizim üçün çox önəmlidir.

İdman.Biz
Məqalədə:
Seçilən
68
50
idman.biz

10Mənbələr