"Virtual Qərbi Azərbaycan Ensiklopediyası Prezidentin verdiyi strateji çağırışın praktiki və elmi müstəvidə həyata keçirilməsinə yönəlib.
APA xəbər verir ki, bunu Strateji Kommunikasiyalar Mərkəzinin sədri və layihənin Baş Məsləhətçisi Anar Qədirli bu gün Bakıda keçirilən "Virtual Qərbi Azərbaycan" ensiklopedik toplunun təqdimat mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri yalnız emosional çağırışlarla deyil, akademik obyektivlik və elmi dəqiqlik əsasında təqdim etməkdir:
“Biz bu mövzunun faktoloji bazasını həm milli, həm də beynəlxalq səviyyədə gücləndirməyi hədəfləyirik. Azərbaycanlılar bu ərazilərdən tamamilə çıxarılması sadəcə insanların doğma yurdlarından köçürülməsi deyil. Bu proses yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılması, yəni bütövlükdə bir mədəni irsin silinməsi ilə müşayiət olunub. Cənab Prezident çıxışında eyni zamanda çox mühüm bir məqama diqqət çəkmişdi. Qarabağ Azərbaycan həqiqətləri sistemli şəkildə öyrənilməli, elmi əsaslarla sənədləşdirilməlidir. Bu məsələ yalnız tarixi ədalətin bərpası deyil, həm də milli kimliyin qorunması, gənc nəsillərin doğru və dürüst tarixi biliklər üzərində yetişməsi baxımından son dərəcə vacibdir. Buna görə də elmi tədqiqatların, arxiv sənədlərinin və statistik məlumatların bir mərkəzdə toplanması prioritet istiqamət kimi müəyyən edilib".