Tailand rusiyalıları sərhəddən geri qaytarır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Quru sərhədlərində yoxlamalar gücləndirilib, rəsmilər casus və muzdlu təhlükəsindən ehtiyatlanır.
Məlumata görə, Tailand hakimiyyəti Kamboca ilə davam edən münaqişə səbəbindən ölkəyə giriş qaydalarını sərtləşdirib. Nəticədə Rusiya vətəndaşları sərhəd-keçid məntəqələrindən kütləvi şəkildə geri qaytarılır.
Sankt-Peterburqdan olan 20 yaşlı bloqer Pavel Vikulovun başına gələnlər buna misal olaraq göstərilir. O, Laosdan Bankoka avtobusla (quru yolu ilə) getmək istəyərkən sərhəddə problemlə üzləşib. Laos tərəfi onu buraxsa da, Tailand sərhədçiləri Cənub-Şərqi Asiya sakinləri olmayan şəxsləri əlavə yoxlamaya cəlb ediblər.
Pasportları yoxlayan sərhədçi qadın Pavelin Rusiya vətəndaşı olduğunu görən kimi “Russian — no” (Ruslara olmaz) deyib. Tərcüməçi vasitəsilə ona izah edilib ki, yeni qanuna əsasən, Rusiya və Ukrayna vətəndaşları Tailanda yalnız hava yolu ilə daxil ola bilərlər.
Rəsmi şərh verilməsə də, yerli nəşrlər ən azı 185 əcnəbinin ölkəyə buraxılmadığını yazır.
Hakimiyyət vizasız rejimin təhlükəsizliyə təhdid yaradan əməliyyatlar üçün istifadə olunmasından ehtiyatlanır. Xüsusilə Şərqi Avropa və Şimali Asiyadan gələn sərnişinlər arasında muzdlu döyüşçülərin və ya casusların ola biləcəyi şübhəsi var.
Xuraman Etibarlı
İnterpress.az