ABŞ Prezidenti Donald Tramp və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında görüş olub.
“Yeni Sabah” xarici KİV-lərə istinadən xəbər verir ki, danışıqlar Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirilib.
D.Tramp və V.Zelenski arasında müzakirələr iki saatdan çox sürüb. Daha sonra onlar və Avropa liderləri arasında videokonfrans vasitəsilə görüş olub.
Görüşdən sonra D.Tramp və V.Zelenski mətbuat konfransı keçirib. Birləşmiş Ştatlar lideri Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib:
“Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaparojye Atom Elektrik Stansiyası (AES) məsələsinə toxunub. Tramp qeyd edib ki, Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını görmək istəyir.
“Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi. Yeri gələndə belə bir görüş olacaq”, - Tramp əlavə edib.
O, həmçinin bildirib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.
Donald Tramp hesab edir ki, Moskva, Vaşinqton və Kiyev indi Ukrayna münaqişənin həlli ilə bağlı razılığa gəlməyə heç vaxt olmadığı qədər yaxındırlar:
“Həqiqətən inanıram ki, biz yəqin ki, indiyə qədər olduğundan daha çox razılığa yaxınıq. Həm də hər iki tərəfdən”.
Volodimir Zelenski isə deyib ki, Prezident Donald Trampın Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşü yanvar ayına planlaşdırılıb.
“Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün qarşıdakı həftələrdə görüşəcəklər. Prezident Trampla razılığa gəldik ki, o, bizi, ehtimal ki, Vaşinqtonda, yanvar ayında Avropa liderləri və Ukrayna nümayəndə heyəti ilə birlikdə qəbul edəcək”, - Zelenski bildirib.
Zelenski daha sonra “Telegram” kanalında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşün gələn həftə baş tutacağını bildirib.
“Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün gələn həftə görüşsünlər”, - o yazıb.
Telegram kanalımız