“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək.
"Cebheinfo.az" xəbər verir ki, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və Bakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq.
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, bayram günlərində metropolitendə gücləndirilmiş iş qrafiki tətbiq ediləcək. Xüsusilə şəhər mərkəzində mədəni-kütləvi tədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri artırılacaq.
Ümumilikdə isə dekabrın 31-dən yanvarın 3-nə qədər qatarların hərəkəti xüsusi qrafiklə tənzimlənəcək.
Xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Qeyd edək ki, “Bakmil” stansiyasiyası üzrə qatarların hərəkəti 31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazar gününün qrafiki əsasında tənzimlənəcək.
Sərnişinlərdən metropolitendən düzgün istifadə, təhlükəsizlik, o cümlədən sanitariya-gigiyena qaydalarına riayət etmələri xahiş olunur.
"Cebheinfo.az"