Artan iqtisadi qeyri-müəyyənlik və əhalinin gəlir imkanlarındakı dəyişikliklər 2026-cı ildə kredit bazarının gələcəyi ilə bağlı suallar yaradıb. Xüsusilə ipoteka və istehlak kreditlərinin vətəndaşlar üçün nə dərəcədə əlçatan olacağı cəmiyyətdə ciddi müzakirə olunur. Bəs, 2026-cı ildə əhali üçün ipoteka və istehlak kreditləri daha əlçatan olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, gələn il kreditlər əhali üçün daha əlçatan olmayacaq. Onun sözlərinə görə, əsas səbəb əhalinin faktiki gəlirlərində gözlənilən azalmadır.
Ekspert qeyd edib ki, gəlirlərin azalması kredit götürmək imkanlarını daha da məhdudlaşdıracaq:
“İnsanların faktiki gəlirləri azalacaq. Bu isə həm ipoteka, həm də istehlak kreditlərinə çıxışı çətinləşdirəcək. Xüsusilə ipoteka krediti götürmək və aylıq ödənişləri qarşılamaq əhali üçün daha ağır olacaq. Bu baxımdan 2026-cı ildə kreditlərin daha əlçatan olacağını gözləmirik”.
Ə.Həsənovun fikrincə, mövcud iqtisadi şərait və gəlirlərin artım tempinin zəif olması kredit bazarında canlanmaya imkan verməyəcək. Bu isə bankların kredit siyasətinə və vətəndaşların borclanma imkanlarına birbaşa təsir göstərəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
