Bakı, 26 dekabr, AZƏRTAC
Özbəkistan müstəqillik qazandıqdan bəri birinci dəfə olaraq süni peyki və bu ölkə vətəndaşı olan ilk kosmonavtı kosmosa göndərməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyev Özbəkistan parlamentinə və xalqına illik müraciəti zamanı bildirib.
“Bu gün daha bir vacib xəbəri sizə çatdırmaq istəyirəm. Müstəqil Özbəkistan tarixində ilk dəfə olaraq süni peykin və ilk Özbəkistan vətəndaşı olan astronavtın kosmosa buraxılması üzərində işə başladıq”, - deyə o qeyd edib.
Şavkat Mirziyoyev əmin olduğunu bildirib ki, bu, ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcək, milli inkişafı yeni səviyyəyə qaldıracaq.
Qeyd edək ki, Özbəkistan və Çin birgə süni intellekt modulu ilə “Səmərqənd-2028” məsafədən zondlama peykini hazırlayır. 2028-ci ildə Özbəkistan, həmçinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk Orta Asiya ölkəsi olacaq.