Prezident İlham Əliyevin ötən il sentyabrın 5-də İtaliyaya işgüzar səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Eni S.P.A" şirkəti arasında imzalanmış anlaşma memorandumun icrasına başlanılıb.
Aznews.az xəbər verir ki, sənəd ölkəmizdə deqradasiyaya uğramış torpaqlarda neft və onun törəmələrinə alternativ olacaq yağlı bitkilərin əkilməsi, növbəli əkin sistemində siderat bitkilərin tətbiqi ilə torpaq keyfiyyətinin yaxşılaşdırılması və istifadə edilmiş bitki yağları tullantılarının valorizasiyasının qiymətləndirilməsini əhatə edir.
Həmçinin, memorandum çərçivəsində "ENI" şirkətinin qabaqcıl təcrübəsi əsasında ölkədə mövcud ənənəvi neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları da araşdırılacaq.
2025-ci il üzrə qeyd edilmiş istiqamətdə işlərin icrası məqsədi ilə hazırlanmış fəaliyyət planına uyğun olaraq pilot layihənin icrasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu şoran ərazilərdə istehsal səmərəliliyinin təmin olunması və deqradasiyaya uğramış torpaqların münbitliyinin bərpası istiqamətində Kürdəmir Təcrübə Sınaq Stansiyasında "Azərbaycan şəraitində yağlı bitkilərin becərilmə perspektivlərinin təyin edilməsi" adlı pilot layihə üzrə yazlıq təcrübə əkinləri aparıb.
Qlobal iqlim dəyişikliyi şəraitində neft və onun törəmələrinə alternativ olaraq bioyanacaq istehsalında yağlı bitkilərin istifadəsinin aktuallığı artmaqdadır. Pilot layihə bu istiqamətdə ölkəmizin potensial imkanlarını öyrənməyi hədəfləyir. İqlim dəyişikliyinin təsirlərini yumşaltmaqla və kənd təsərrüfatı istehsalında yeni bitki növlərinin, eləcə də hər bölgənin torpaq və iqlim şəraitinə uyğun sortların istifadəsinin zəruriliyi nəzərə alınaraq ilkin olaraq İtaliyadan gətirilmiş yağlı bitkilərin Azərbaycan şəraitində təcrübə əkinləri aparılıb. Burada əsas məqsəd yeni sortların ölkə şəraitinə uyğunlaşma qabiliyyətini, məhsuldarlığını, biotik və abiotik stress amillərinə davamlılığını müəyyənləşdirmək və yeni becərmə texnologiyalarını tətbiq etməkdir.
Layihənin icrası zamanı bitki toxumlarının cücərmə qabiliyyətinin ISO standartına uyğunluğu, əkin sahəsi torpağının aqrokimyəvi göstəriciləri və suvarma suyunun kimyəvi tərkibi təyin edilməklə gübrə norması müəyyən olunub, təsdiqlənmiş səpin normaları və əkin sxemi üzrə təcrübə qoyulub. Təcrübədə xardal bitkisinin (Camelina sativa (L.) Crantz və Crambe abyssinica Hochst. ex R.E.Fr.) "Fms Brilhante", "Caroline" və "Omega", saflorun (Carthamus tinctorius L.) "CAR. Cw 99ol" və "Oscar", günəbaxanın (Helianthus annuus L.) "RGT Angello", "RGT Volcano", "RGT Capitoll" və "Idillic", gənəgərçəyin (Ricinus communis L.) "Mia", "Tamar", "Bhim+", "Gch9" və "Evf701" sortlarından istifadə edilib.