AZ

Prezidentin təltif etdiyi şəxslər siyahısında o da var

Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif etdiyi şəxslər siyahısında tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov da var. O, “Tərrəqi” medalına layiq görülüb.

“Yeni Sabah” E.Məmmədovla bağlı maraqlı məqamları təqdim edir:

Məmmədov Eduard Tofiq oğlu 1978-ci il, yanvarın 2-də Bakı şəhərində anadan olub. 1993-cü ildən peşəkar kikboksinq ilə məşğuldur. İlk qələbəsini 1995-ci ildə, Azərbaycanda keçirilmiş ilk çempionatda qazanıb. 1996–1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib.

E.Məmmədov 1997-ci ildə Azərbaycanın idman ustası, 1999-cu ildə isə beynəlxalq dərəcəli idman ustası adını alıb.

O, 2003-cü ildə Əməkdar idman ustası fəxri adına layiq görülüb.

2013-cü ildən Azərbaycanın əməkdar məşqçisidir. 1999-2004-cü illərdə İdman Akademiyasında təhsil alıb. Məşqçi fəaliyyətinə 2000-ci ildə başlayan kikboksçu, məhz həmin ildə ən parlaq və yaddaqalan qələbəsinə Yunanıstanda keçirilən dünya çempionatında imza atıb. Eduard Məmmədov rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salaraq, növbəti dəfə dünya çempionu titulunu qazanıb.

2004-cü ildə Polis Akademiyasına daxil olub və 2008-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub. 2009-cu ildə Polis Akademiyasının İdarəetmə fakültəsində ixtisas artırma üçün daxil olub, 2010-cu ildə məzun olub. Onun ümumilikdə 3 ali təhsili var.

2007-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb.

25 dekabr 2009-cu il tarixində Prezident İlham Əliyev tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri Fərmanla təltif edilib. 2006, 2009, 2011 (noyabr ayının 23-də Buta Palace-da keçirilən tədbirdə) və 2014-cü ildə Eduard Məmmədov ilin ən yaxşı idmançısı adına layiq görülüb.

 İdman sahəsində peşəkar olduğu kimi, polis karyerasında da uğurlara imza atan idmançı, hazırda Daxili İşlər Nazirliyində işləyir. Polis polkovnik-leytenantı rütbəsini daşıyan Eduard Məmmədov öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.

5 mart 2020-ci il tarixində idman sahəsində 30 illik fəaliyyətləri və yüksək nəticələri nəzərə alınaraq, Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüb.

22 aprel 2021-ci il tarixində Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini və Milli Komandanın baş məşqçinin müavini vəzifəsinə təyin olunub.

15 iyul 2021-ci il tarixində Daxili İşlər Nazirliyinin “DİNAMO” İdman Cəmiyyətinə baş inspektor vəzifəsinə təyin edilib.

21 oktyabr 2021-ci il tarixində Italyada keçirilən WAKO versiya üzrə Dünya çempionatında, Ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək final döyüşündə qalıb gəlib. Eduard Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi hesabla isə 26-cı dəfə Dünya çempionu tituluna sahib olub.

Ailəlidir, 2 övladı var.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
54
11
yenisabah.az

10Mənbələr