AZ

Minimum maaş iki dəfədən çox arta bilər

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Türkiyədə gələn il minimum əməkhaqqı 28 min 75 lirə (1,114 AZN) olacaq. Bu rəqəm ictimaiyyətimizdə birmənalı fikir yaratmayıb. Kimisi qonşu ölkənin getdikcə zəifləyən iqtisadiyyatı fonunda Azərbaycanda minimum əməkhaqqının az olduğunu vurğulayır, kimisi Türkiyə ilə müqayisəni uğursuz adlandırır.

Azərbaycanda da minimum əməkhaqqı 1000 manata çata biləcəkmi? Minimum maaş nə qədər olmalıdır?

Gununsesi.info xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova Türkiyədə minimum əməkhaqqının təqribən 250 manat ekvivalentində artırıldığını deyib:

“İlk baxışda bu artım kifayət qədər müsbət və yüksək rəqəm kimi görünür. Lakin ərzaq və kommunal xərclərlə müqayisədə qiymətlər Azərbaycanla demək olar eyni səviyyədə, bəzi məhsullarda isə daha yüksəkdir. Digər mühüm məqam mənzil və kirayə xərcləridir. Hazırda minimum əməkhaqqı 22 104 lirə olduğu halda, kirayə qiymətləri əsasən 25-30 min lirə aralığındadır. Sosial-iqtisadi və psixoloji rahatlıq baxımından mənzil təminatı əsas şərtlərdən biridir. Bu yanaşma Azərbaycan üçün daha aktual hesab olunsa da, Türkiyədə kirayədə yaşamaq ciddi problem kimi qiymətləndirilmir. Bunun əsas səbəbi bank depozitləri üzrə illik faizlərin 38-50 faiz arasında dəyişməsidir. Bir çox hallarda vətəndaşlar daşınmaz əmlaka investisiya etməkdənsə, faiz gəlirləri hesabına kirayə xərclərini ödəməyi üstün tuturlar. Alıcıların digər seçimlərindən biri torpaq sahəsi alaraq azmərtəbəli bina tikməkdir. Bu zaman mənzillərin birində özləri yaşayır, bir neçəsini övladlarına verir, qalanlarını isə kirayə məqsədilə istifadə edirlər”.

İqtisadçı bildirib ki, həm Azərbaycanda, həm də Türkiyədə minimum əməkhaqqının artımı adətən inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur:

“Məsələn, əməkhaqqı 27 faiz artırıldıqda, vergi, xidmət və ərzaq qiymətlərində artım ən azı 40 faizə çata bilir. Azərbaycanda minimum əməkhaqqının 1000 manata çatması yaxın dövr üçün real görünmür, lakin növbəti 5 il ərzində mümkün ola bilər. Ölkələrin iqtisadi strukturu və vətəndaş təfəkkürü fərqli olduğu üçün hər hansı modeli birbaşa tətbiq etmək düzgün deyil. Real əməkhaqqının məbləği qiymət sabitliyi ilə uzlaşmalıdır. Əks halda, maaşın 1200 manat olması fonunda ərzaq və mənzil qiymətləri kəskin bahalaşa, əhalinin böyük hissəsi kirayədə yaşamağa məcbur qala bilər. Ona görə də yeni rəqəmlər müəyyənləşdirilməzdən əvvəl zəruri istehlak məhsullarının qiymətində sabitliyin qorunması əsas şərtdir. Qiymət sabitliyi saxlanılmaqla sahibkarın satış həcmi hesabına qazanc əldə etməsi də mümkün olmalıdır”.

Ekspert qeyd edib ki, ölkəmizdə Türkiyə modelinin tətbiqi üçün ilk növbədə bank sektorunda ciddi islahatlara ehtiyac var:

“Pul siyasətinin çevikliyi artırılmalı, kredit şərtləri yüngülləşdirilməli, depozit və kredit faizləri arasındakı fərqdən əldə olunan gəlirin daha böyük hissəsi banklardan çox vətəndaşlara yönəldilməlidir. Qardaş ölkə ilə müqayisə aparan vətəndaşlar müəyyən mənada haqlıdırlar. Son illərdə Türkiyədən əmlak alan azərbaycanlıların sayının artması da bunun göstəricisidir. Onların bir qismi düşünür ki, öz ölkəsində işsiz və ya minimum əməkhaqqı ilə yaşamaqdansa, xaricdə əmlak sahibi olub, daha yüksək gəlir imkanları olan mühitdə çalışmaq daha məqsədəuyğundur”.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum əmək haqqı aylıq 400 manatdır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
8
icma.az

10Mənbələr