Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.
Azərbaycanın Moskvadakı səfirliyindən verilən məlumata görə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasının həlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.