Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.
Bu barədə "Far.Az" Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.
Açılış mərasimində ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial lövhənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.
O qeyd edib ki, memorial lövhənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
S.Rzayev vurğulayıb ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək. Memorial lövhə humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.