İnsan orqanlarının qanunsuz alqı-satqısında ittiham olunan Ukrayna vətəndaşı Polşadan Qazaxıstana təhvil verilib.
Qazaxıstan KİV-inin yaydığı xəbərə görə, sözügedən qadın 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvarınadək qara bazar üçün müxtəlif ölkələrdə qeyri-qanuni yollarla insan böyrəklərinin alınmasında iştirak edib.
İstintaq materiallarında Qazaxıstanla yanaşı, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanın da adı çəkilir.
Bildirilib ki, Ukrayna vətəndaşı təxminən 5 il ərzində beynəlxalq axtarışda olub və bu müddət ərzində hüquq-mühafizə orqanlarından yayınıb. O, yaxın vaxtlarda Polşada təsadüf nəticəsində saxlanılıb.
Qazaxıstan məhkəməsi 35 yaşlı qadın barəsində qiyabi hökm çıxararaq onu 12 il müddətinə azadlıqdan məhrum edib.