Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında dövlət-din münasibətləri kontekstində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Komitə sədri Azərbaycan Din Xadimlərinin II Forumunun ölkəmizdə dini həmrəyliyin möhkəmləndirilməsi, sağlam dini düşüncənin təşviqi və dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Forumun mövzusunun dünyəvilik və vicdan azadlığının təşviqi baxımından aktual olduğu vurğulanıb.
Azərbaycan-Türkiyə qardaşlığının dini sahədə də nümunəvi əməkdaşlıqla möhkəmləndiyini qeyd edən S.Arpaquş iki ölkənin müvafiq qurumları arasında əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib. O, Forumun din xadimləri arasında təcrübə mübadiləsinin aparılması və onların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.