Bakı, 22 dekabr, AZƏRTAC
İqtisadi-ticari sahə ikitərəfli əlaqələrimizin əsasını təşkil edir. Türkiyə Azərbaycanın həm idxalda, həm ixracda, həm də ikitərəfli ticarət dövriyyəsində əsas tərəfdaşlarından biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri Baş nazir Əli Əsədov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında deyib.
Baş nazir qeyd edib ki, Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub.
Türkiyədə 3 min Azərbaycan şirkətinin fəal iş apardığını diqqətə çatdıran Əli Əsədov əlavə edib: “Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq. Azərbaycanın azad edilmiş ərazilərində icra edilən layihələrdə qardaş Türkiyə şirkətləri bizimlə bərabər çalışır. İyirmiyə yaxın Türkiyə şirkəti həmin ərazilərdə 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır. Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir”.