AZ

Ağstafada Nüsrət Kəsəmənlinin 80 illik yubileyi qeyd olundu - FOTOLAR

Görkəmli şair, publisist Nüsrət Kəsəmənlinin 80 illik yubileyi doğma Ağstafa rayonunda qeyd olunub. Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində RİH başçısı Seymur Orucov, məsul şəxslər, şairin ailə üzvləri, yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, yubiley tədbirini giriş sözü ilə açan Seymur Orucov bildirib ki, xalq arasında həm jurnalist, həm də ədəbi mütəfəkkir kimi tanınan Nüsrət Kəsəmənli Ağstafada dünyaya göz açan ölkəmizin mədəniyyət və incəsənətinə böyük töhfələr vermiş sənət adamlarındandır. Onun Azərbaycan poyeziyasındakı özünəməxsusluğu, istinad etdiyi yeni şeir üslubları oxucular, gənclər və gələcək nəsillər tərəfindən hər zaman seviləcəkdir. Sənətkarın mənəvi zənginliyi, əsərlərində ifadə etdiyi insanların daxili dünyası, sevgi və həyatın gözəllikləri, eyni zamanda cəmiyyətlə səmimiliyi onu hər kəsin sevimli şairinə çevirib. Həmçinin qeyd olunub ki, ölkəmizin hər yerində sənət adamlarının xatirəsinə ithaf olunan bu cür tədbirlərin təşkili Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə, incəsənətə, eləcə də bu sahənin nümayəndələrinə göstərilən xüsusi diqqətin bariz nümunələrindəndir.

Digər çıxış edənlər, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, əməkdar incəsənət xadimi Barat Vüsal, şair Saqif Qaratorpaq, mədəniyyət nümayəndəsi Gülgün Kərimov, Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli, Xalq artisti Tariyel Qasımov şairin həyat və fəaliyyətindən, eləcə də milli mədəniyyət və incəsənətimizə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.

Tədbirin bədii hissəsində Nüsrət Kəsəmənlinin oxucular və dinləyicilər tərəfindən dillər əzbəri olan sevilən şeirləri və sözlərinə bəstələnmiş musiqi əsərləri ifa olunub. Eyni zamanda şairin şeirləri səsləndirilib.

Seçilən
22
50
unikal.az

10Mənbələr