AZ

Görkəmli şair, publisist Nüsrət Kəsəmənlinin 80 illik yubileyi doğma Ağstafa rayonunda qeyd olunub- FOTOLAR 

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində RİH başçısı Seymur Orucov, məsul şəxslər, şairin ailə üzvləri, yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tədbirini giriş sözü ilə açan Seymur Orucov bildirib ki, xalq arasında həm jurnalist, həm də ədəbi mütəfəkkir kimi tanınan Nüsrət Kəsəmənli Ağstafada dünyaya göz açan ölkəmizin mədəniyyət və incəsənətinə böyük töhfələr vermiş sənət adamlarındandır. Onun Azərbaycan poyeziyasındakı özünəməxsusluğu, istinad etdiyi yeni şeir üslubları oxucular, gənclər və gələcək nəsillər tərəfindən hər zaman seviləcəkdir. Sənətkarın mənəvi zənginliyi, əsərlərində ifadə etdiyi insanların daxili dünyası, sevgi və həyatın gözəllikləri, eyni zamanda cəmiyyətlə səmimiliyi onu hər kəsin sevimli şairinə çevirib. Həmçinin qeyd olunub ki, ölkəmizin hər yerində sənət adamlarının xatirəsinə ithaf olunan bu cür tədbirlərin təşkili Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə, incəsənətə, eləcə də bu sahənin nümayəndələrinə göstərilən xüsusi diqqətin bariz nümunələrindəndir.
Digər çıxış edənlər, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, əməkdar incəsənət xadimi Barat Vüsal, şair Saqif Qaratorpaq, mədəniyyət nümayəndəsi Gülgün Kərimov, Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli, Xalq artisti Tariyel Qasımov şairin həyat və fəaliyyətindən, eləcə də milli mədəniyyət və incəsənətimizə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.
Tədbirin bədii hissəsində Nüsrət Kəsəmənlinin oxucular və dinləyicilər tərəfindən dillər əzbəri olan sevilən şeirləri və sözlərinə bəstələnmiş musiqi əsərləri ifa olunub. Öz növbəsində Nüsrət Kəsəmənlinin oğlu, Bakı Bələdiyyə teatrının aktyoru Rəşad Kəsəmənli “Biri vardı, biri yox”, “Mən səni unuda bilmirəm axı”, nəvəsi Əli Kəsəmənli “Qar yağır Şəhidlər xiyabanına”, ağstafalı mədəniyyət işçisi Oruc Mansırov “Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm”, Bakı Bələdiyyə teatrının aktyorları – İsmayıl Atakişiyev, “Getmək istəyirsən”, “Oğru olmaq istəyirəm”, Toğrul Rza “Dünən toyun idi”, “Əllərin nə yaman soyuqdur gülüm”, Ülviyyə Rza “Küsülü qala bilmirəm”, “Yox bu sən deyilsən”, Günel Həmidova “İsti yağışlar yağır”, “Yoxdusa”, Zülfiyyə Qurbanova “Əlvida demirəm”, “Yandır məktubları”, Elməddin Zakiri “Sən demə təzədən sevmək olarmış”, “Nə biləydik bu sevginin sonu yox” şeirlərini səsləndiriblər.
Hər kəsə gözəl təəsüratlar bağışlayan yubiley tədbiri, iştirakçılar tərəfindən böyük rəğbət və alqışlarla yekunlaşıb.

Seçilən
46
50
veteninfo.az

10Mənbələr