AZ

Avroparlament Trampın sülh təşəbbüsünü pozmaq üçün Bakıya qarşı qərar qəbul etdi...


Avropa Parlamentinin Azərbaycana qarşı ermənipərəst siyasəti heç kimə sirr deyil. Bakı hesab edir ki, Avropa Parlamenti regional reallıqlara obyektiv yanaşmaq əvəzinə, Ermənistanı müdafiə edən və Azərbaycanın haqlı mövqeyini kölgədə qoyan mövqe sərgiləyir. Azərbaycan 2020-ci ildə beynəlxalq hüquqa uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Avropa Parlamentinin tənqidlərinin kəskinləşməsi ermənipərəst yanaşmanın növbəti təzahürü olub.

Dekabrın 18-də baş verənlər bir daha təsdiq etdi ki, Avropa Parlamentində Azərbaycanla bağlı təşkil edilən dinləmələr mahiyyət etibarilə insan haqları və ya demokratik dəyərlərlə bağlı deyil. Bu dinləmələr ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə formalaşdırılmış və hazırda Vaşinqtonun rəsmi xarici siyasət xəttinə çevrilmiş real sülh gündəliyinə qarşı Avropa İttifaqı–Ermənistan siyasi sabotajının sistemli müqavimətinin tərkib hissəsi də hessab olunur. Azərbaycana qarşı sürülən yeni haqsız ittihamlar müqabilində Avropanın hansı dəyərlərə söykəndiyi sual altına düşür. Avropa Parlamentinin sonuncu qətnaməsinin leytmotivi, guya insan haqlarıdır. Lakin bu gün heç kimə sirr deyil ki, insan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib və Avropa Parlamenti ondan erməni hərbi cinayətkarları və separatçıları azad etmək üçün istifadə etməyə çalışır. Bu gün Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox acınacaqlıdır. Hər gün Avropa İttifaqı ölkələrinin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin olduğu hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Avropa Parlamentinin qəbul etdiyi qətnamənin yalnız müəyyən anti-Azərbaycan qüvvələrinin təzyiq vasitəsi olduğunu bildirən ekspertlər vurğulayır ki, bu sənəd beynəlxalq hüququn prinsiplərini əks etdirmir. Sülh və sabitliyə çağırmalı olan bir qurumun belə mövqe sərgiləməsi dərin təəssüf doğurur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev də qeyd edir ki, Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə sülh prosesini pozmaq niyyətidir. Deputat deyib ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla regionda yeni siyasi reallıq yaradıb: “Bu siyasi reallıq beynəlxalq hüquqa əsaslanır və Cənubi Qafqazın sərhədlərini aşan regionlar üçün də yeni əməkdaşlıq imkanları təklif edir. Avropa İttifaqı kimi bir təsisatın münaqişə dönəmindəki narrativlərindən əl çəkməməsi, qərəzli davranışı qəbuledilməzdir. Avropa İttifaqı yeni siyasi reallıqlara uyğun əməkdaşlıqda yer almaq və malik olduğu resurslarla sülh gündəliyini dəstəkləmək əvəzinə köhnə narrativləri yeni siyasi reallıqlara adaptasiya edir və həmin səhv narrativlər üzərindən Ermənistana dəstək verir”.

Avropa İttifaqının Ermənistanla imzaladığı “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədə diqqət çəkən Rizvan Nəbiyev qeyd edib ki, Brüssel açıq formada bu ölkədə insan haqlarının pozulmasına göz yumur, din xadimləri və müxalifət nümayəndələrinin elə cari il ərzində baş verən həbslərinə qarşı heç bir bəyanat verilməyib, bununla əlaqədar heç bir dinləmə təşkil olunmayıb: “Əksinə, Ermənistan hökumətinə davamlı dəstək ifadə olunur. Hətta Azərbaycana qarşı Ermənistan tərəfindən və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı marionet rejim tərəfindən törədilən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərinə görə Bakıda məhkəməsi gedən şəxslərin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini görürük? Bu şəxslərin azad olunmasını öz prioriteti elan etməsi Avropa İttifaqının dəyərləri, insan hüquqlarını siyasi məqsədlər üçün alətinə çevirmək cəhdi deyilmi? Onlardan biri, Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan olan R. Vardanyanın “müharibə əsiri” kimi təqdim edilməsi və azad edilməsinin tələb edilməsi insan hüquqlarına həqarət deyilmi? İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə də, qəbul etdiyi qətnamə də bu qərəzli strategiyanın tərkib hissəsidir. Başqa sözlə, Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq birliyin də təqdir etdiyi sülh gündəliyinə müdaxilə etmək və Azərbaycanla Ermənistan arasında irəlilədilən sülh prosesini pozmaq niyyətidir”. Bütün bunlar onu deməyə əsas verir ki, Avropa Parlamentini Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan və Ermənistanın üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparması, sərhəddə atəşin açılmaması narahat edir. Burada qəbul olunan sənədlər Avropa Parlamentinin öz dəyərlərinə sadiq olmadığını və beynəlxalq hüquq normalarını yalnız maraqlarına uyğun şəkildə şərh etdiyini göstərir. Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinə daim konstruktiv yanaşıb, qarşılıqlı maraqlara əsaslanaraq mövcud razılaşmalara əməl edib. Lakin Avropa İttifaqının əsas qurumlarından biri olan Avropa Parlamentinin bu cür təkəbbürlü və məsuliyyətsiz mövqeyi prosesə xələl gətirir. Bu addımlar beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Azərbaycana və onun xalqına qarşı açıq şəkildə ayrıseçkilik edir. Avropa Parlamentində Azərbaycana qarşı yekdil mənfi rəy də mövcud deyil. Anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir.

Nahid SALAYEV

Seçilən
51
1
baki-xeber.com

6Mənbələr