AZ

Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə sülh prosesini pozmaq niyyətidir - Deputat

Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə sülh prosesini pozmaq niyyətidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Deputat deyib ki, Azərbaycan Respublikası Ermənistanın 30 illik işğalına son qoymaqla regionda yeni siyasi reallıq yaradıb: “Bu siyasi reallıq beynəlxalq hüquqa əsaslanır və Cənubi Qafqazın sərhədlərini aşan regionlar üçün də yeni əməkdaşlıq imkanları təklif edir. Avropa İttifaqı kimi bir təsisatın münaqişə dönəmindəki narrativlərindən əl çəkməməsi, qərəzli davranışı qəbuledilməzdir. Avropa İttifaqı yeni siyasi reallıqlara uyğun əməkdaşlıqda yer almaq və malik olduğu resurslarla sülh gündəliyini dəstəkləmək əvəzinə köhnə narrativləri yeni siyasi reallıqlara adaptasiya edir və həmin səhv narrativlər üzərindən Ermənistana dəstək verir”.

Avropa İttifaqının Ermənistanla imzaladığı “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədə diqqət çəkən Rizvan Nəbiyev qeyd edib ki, Brüssel açıq formada bu ölkədə insan haqlarının pozulmasına göz yumur, din xadimləri və müxalifət nümayəndələrinin elə cari il ərzində baş verən həbslərinə qarşı heç bir bəyanat verilməyib, bununla əlaqədar heç bir dinləmə təşkil olunmayıb: “Əksinə, Ermənistan hökumətinə davamlı dəstək ifadə olunur. Hətta Azərbaycana qarşı Ermənistan tərəfindən və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı marionet rejim tərəfindən törədilən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərinə görə Bakıda məhkəməsi gedən şəxslərin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini görürük? Bu şəxslərin azad olunmasını öz prioriteti elan etməsi Avropa İttifaqının dəyərləri, insan hüquqlarını siyasi məqsədlər üçün alətinə çevirmək cəhdi deyilmi? Onlardan biri, Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan olan R. Vardanyanın “müharibə əsiri” kimi təqdim edilməsi və azad edilməsinin tələb edilməsi insan hüquqlarına həqarət deyilmi?

İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə də, qəbul etdiyi qətnamə də bu qərəzli strategiyanın tərkib hissəsidir. Başqa sözlə, Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq birliyin də təqdir etdiyi sülh gündəliyinə müdaxilə etmək və Azərbaycanla Ermənistan arasında irəlilədilən sülh prosesini pozmaq niyyətidir.

“Avropa Sülhü Fondu” adlandırılan mexanizm bu günlərdə militarist məqsədlər üçün yenidən işə salındı, onun vasitəsilə Ermənistanın hərbiləşdirilməsi məqsədi ilə 20 milyon avro ayrılacağı bəyan edildi. Ermənistanın Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq etdiyi sanksiyalardan yayınmasına göz yumulur, məhz Ermənistan sanksiya altına düşən Avropa mallarının Rusiyaya daşınmasında vacib bir funksiyanı icra edir. Avropa İttifaqı isə Azərbaycanın 5 gəmisinə sanksiya tətbiq edir”.

Seçilən
27
4
aznews.az

6Mənbələr