AZ

Mədəni sərvətləri qəsdən korlamaya görə cəzalar sərtləşdirilir

Mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə görə cəzalar sərtləşdiriləcək.

Modern.az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda (“xeyli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

“Dövlət tərəfindən qorunan mədəni sərvətlər” dedikdə “Mədəniyyət haqqında” Qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.

Seçilən
6
13
modern.az

10Mənbələr