“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Qarabağ”la matçı şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. İnanılmaz performans göstərdilər. Onların tərifə layiq olduqlarını düşünürəm. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Əsl futbol atmosferi var idi. Azarkeşlər də keyfiyyətli oyunu seyr etdilər.
Turnir cədvəlinə sonda baxacağıq. Futbolçularıma qarşıda hələ bir oyunun olduğunu da söylədim. Rəqiblər bizə fərqli yanaşırlar. Ümumi olaraq inkişafımızdan razıyam.
Təbii ki, bu günkü matçda da bəzi məqamlardan narazı qaldım. Rəqib ilk hissədə bizə boşluqlar verirdi. Bu boşluqlardan istifadə edib cərimə meydançasına daxil olsaq da, qol vura bilmirdik. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Matçın ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Düzəltməli olduğumuz çox şey var.
Bu heyətdən məmnunam. Zədəlilərimiz var. Jesse Sekidika ötən mövsümdə komandamızda ən çox qol vuran oyunçulardan olsa da, zədəlidir. Onun qısa zamanda formasını bərpa edəcəyinə ümid edirik. Yeni transferlər barədə tələsməməliyik. Transfer edəcəyimiz oyunçular üslubumuza uyğun olmalıdır. Bu barədə daha detallı müzakirələr aparacağıq”.
