“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah”la matçı şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Bu nəticəni gözləyirdim. Komandam həddindən artıq güc sərf edib. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Çox ciddi hazırlaşan komandaya qarşı oynadıq. Onların gücünü, istəyini gördük. Əsl futbol atmosferi var idi. Bundan sonra Qəbələdə oyunumuz var. Həmin matça hazırlaşacağıq.
Xoni Montiel fiziki cəhətdən tam hazır deyil. Onun üçün sıx qrafikdə oynamaq elə də asan deyil. Matçın qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizim üçün üstünlük ola bilərdi.
Marko Yankoviç dünən yüngül zədə almışdı. Onun meydana çıxması riskli idi. Bu gün biz bu addımı atdıq.
1-ci yerə daim eyni komanda sahib olmur. Bu gün qarşımızda böyük işlər görmüş bir klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Biz daha ciddi və diqqətli olmalıyıq. “Sabah” çempionluğa oynayırsa, Avropada niyə də nəticə verməsin? Belə bir hal baş versə, hamımız sevinərik. Onların Avropa təcrübəsi olan baş məşqçisi də var. Addım-addım yaxşı işlər görürlər”.
