"DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu) olan uşaqlarda nitq və ünsiyyət problemləri geniş yayılmışdır".
Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu uşaqlar danışarkən fikirlərini ardıcıl ifadə etməkdə çətinlik çəkir.
"Bu uşaqlar cümlələri yarımçıq saxlayır. Tez-tez mövzu dəyişir və qarşı tərəfi dinləməkdə çətinlik yaşayırlar. Söz ehtiyatı kifayət qədər olsa belə, diqqətin tez yayınması səbəbindən nitq səliqəsiz və anlaşılmaz ola bilər", - deyə mütəxəssis bildirib.
Fatimə Məmmədova deyir ki, hiperaktivlik və impulsivlik uşağın danışıq tempinə təsir edir:
"Nitqdə tələskənlik, söz udma və səslərin təhrif olunması müşahidə edilir. DEHB-li uşaqlarda loqopedik dəstək nitqin strukturlaşdırılması, dinləmə bacarığının inkişafı və ünsiyyətin gücləndirilməsi baxımından çox önəmlidir. Erkən müdaxilə uşağın həm nitq, həm də sosial bacarıqlarının daha sağlam inkişafına kömək edir".