Syuzan Uayls ABŞ prezidentinin davranış tərzini güclü, sərt və nəzarətsiz şəxsiyyət tipi kimi qiymətləndirib…
Poliqon xəbər verir ki, Ağ Evin aparat rəhbəri Syuzan Uayls ABŞ prezidenti Donald Trampın “alkoqolik xarakterinə” malik olduğunu bildirib. Onun sözlərinə görə, Tramp bütün hərəkətlərində “edə bilməyəcəyi heç nə olmadığı” düşüncəsindən çıxış edir və bu yanaşma onun şəxsiyyətinin əsas xüsusiyyətlərindən biridir.
Syuzan Uayls qeyd edib ki, bu, tibbi və ya psixoloji diaqnoz deyil və peşəkar klinik psixoloqlar onun fikri ilə razılaşmaya bilər. Bununla belə, o vurğulayıb ki, yüksək funksiyalı alkoqoliklərdə və ümumiyyətlə alkoqoliklərdə içki qəbul edildikdə şəxsiyyət bütün çılpaqlığı ilə üzə çıxır və bu baxımdan o, güclü xarakterli insanları müəyyən qədər tanıdığını düşünür.
Bu fikirlər Vanity Fair nəşrinin jurnalisti Kris Uipplə 2025-ci il ərzində aparılan bir neçə müsahibə zamanı səsləndirilib. Həmin söhbətlərdə Syuzan Uayls Trampın yaxın ətrafı barədə də sərt ifadələr işlədib. O, vitse-prezident Cey Di Vensi sui-qəsd nəzəriyyələrinin tərəfdarı kimi xarakterizə edib. Milyarder iş adamı İlon Mask barədə isə onu “dahi” adlandırsa da, eyni zamanda “açıq-aşkar ketamin istifadəçisi” və “qəribə şəxsiyyət” olduğunu deyib.
Müsahibələr əsasında dərc olunan iki materialdan sonra Syuzan Uayls X sosial şəbəkəsində paylaşım edərək yazıların “qərəzli sifariş işi” olduğunu bildirib. Onun sözlərinə görə, jurnalist Tramp və komandası barədə dediklərinin böyük hissəsini mətnə daxil etməyib.
Donald Tramp isə aparat rəhbərini müdafiə edib. New York Post nəşrinə verdiyi müsahibədə prezident bu cür ifadələrə görə incimədiyini bildirib və doğrudan da “alkoqolik xarakterinə” malik olduğunu təsdiqləyib, baxmayaraq ki, özü spirtli içki qəbul etmir. Tramp əlavə edib ki, sözügedən müsahibəni oxumayıb və jurnalisti yalançı adlandırıb.
Poliqon.info