Elektron siqaretlərin (vape) istifadəsi və satışı ilə bağlı qadağalar dünyada getdikcə genişlənir. Azərbaycan da bu məhsulların qadağan edildiyi ölkələr sırasına daxil edildi . Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məlumata görə, elektron siqaretlər aşağıdakı ölkələrdə tam şəkildə qadağan edilib. Bu ölkələrdə istehsal, idxal, satış və istifadə qanunla yolverilməz sayılır:
Hindistan, Tailand, Sinqapur, Braziliya, Argentina, Meksika, Kamboca, Nepal, Qətər, İordaniya və Livan.
Bununla yanaşı, bəzi ölkələr elektron siqaretlərə qismən qadağa və ya ciddi məhdudiyyətlər tətbiq edib. Belə ki, Türkiyədə elektron siqaretlərin satışı rəsmi olaraq qadağandır. Avstraliyada bu məhsullar yalnız həkim resepti ilə əldə edilə bilər. Yaponiyada isə nikotin tərkibli elektron siqaretlərin satışına icazə verilmir. Norveç, Finlandiya və Macarıstanda da satış, reklam və istifadə ciddi şəkildə nəzarət altındadır.
Digər bir qrup ölkədə isə elektron siqaretlər tam qadağan olunmasa da, sərt qaydalarla tənzimlənir. Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-da yaş məhdudiyyəti, reklam qadağaları və məhsul tərkibinə nəzarət mexanizmləri mövcuddur. ABŞ-da bu qaydalar ştatlara görə fərqlənir.
Mütəxəssislər bildirirlər ki, elektron siqaretlərin "ənənəvi siqaretlərə nisbətən zərərsiz" olması ilə bağlı iddialar tam sübut olunmayıb. Bir çox ölkənin qadağa və məhdudiyyətlərə üstünlük verməsi də məhz bu qeyri-müəyyənlik və ictimai sağlamlıq riskləri ilə əlaqələndirilir.