AZ

Dərmanlar 15 faiz ucuzlaşacaq - ancaq bir şərt var... Ekspertin rəyi...


2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571 milyon manatlıq mal satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 31 milyard 937 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634 milyon manatlı isə qeyri-ərzaq mallarının payına düşür.

Komitə qeyd edir: “2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb”. Ciddi artım müşahidə edilən sahələrdən biri də tibbi xərclərdir. 2025-ci ildə əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 424 milyon manatdan çox vəsait xərclənib. Ötən ilin analoji dövründə isə bu rəqəm 1 milyard 144 milyon manat olmuşdu. Rəqəmlərin müqayisəsinə əsasən demək olar ki, son bir ildə Azərbaycan əhlisinin əczaçılıq məhsulları və tibbi ləvazimatlar almasında təqribən 280 milyon manatlıq artım var. Məsələni şərh edən iqtisadçı Natiq Cəfərli əczaçılıq məhsulları və tibbi ləvazimat xərclərinin artmasını ölkədə dərmanların qiymətinin kəskin artması ilə izah edib. İqtisadçının fikrincə, dərman sahəsində qiymətlərin tənzimləməsi Tarif Şurasına tapşırılan vaxtdan yəni, 2015-ci ildən bugünə ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür: “Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub. Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında əlavə dəyər vergisini (ƏDV) ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2 faizə endirin. ƏDV ləğv olunsa, dərman qiymətlərində azı 15 faiz ucuzlaşma olacaq”. N.Cəfərlinin sözlərinə görə, qiymətlərin düşməsi üçün paralel olaraq ölkədə rəqabət mühiti yenidən təsis edilməlidir. Əhalinin tibbi xərclərinin artması təkcə səhiyyə sahəsində deyil, ümumilikdə ailə büdcələrinin strukturunda da özünü göstərir və bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır. Tibbi xərclərin yüksəlməsi əhalinin sağlamlıq xidmətlərinə çıxış imkanlarına, sosial rifahına və dövlətin səhiyyə siyasətinə birbaşa təsir göstərir. Əsas səbəblərdən biri qeyd edildiyi kimi səhiyyə xidmətlərinin və dərman vasitələrinin qiymətlərinin artmasıdır. Son illərdə dünya üzrə inflyasiya prosesləri, logistika xərclərinin yüksəlməsi, tibbi avadanlıq və dərmanların böyük hissəsinin idxal olunması Azərbaycanda da səhiyyə xərclərinə təsirsiz ötüşmür. Bir çox dərman preparatları xaricdən gətirildiyi üçün valyuta məzənnələrindəki dəyişikliklər onların qiymətinə birbaşa təsir edir. Nəticədə, əhali xüsusilə xroniki xəstəliklərin müalicəsi zamanı daha çox maliyyə yükü ilə üzləşir.

Tibbi xərclərin artmasına təsir edən digər mühüm amil əhalinin yaşlanmasıdır. Azərbaycanda orta ömür uzunluğunun artması müsbət göstərici olsa da, yaşlı əhalinin xüsusi tibbi xidmətlərə və daimi müalicəyə ehtiyacı daha yüksəkdir. Yaş artdıqca müxtəlif xəstəliklərin yayılma ehtimalı artır. Bu isə mütəmadi həkim müayinələri, dərman qəbulu və bəzən cərrahi müdaxilələr deməkdir ki, bütün bunlar tibbi xərclərin yüksəlməsinə səbəb olur. Digər bir səbəb müasir tibbi texnologiyaların və diaqnostik üsulların geniş yayılmasıdır. Müasir avadanlıqlar daha dəqiq diaqnoz və effektiv müalicə imkanı yaratsa da, onların tətbiqi yüksək maliyyə vəsaiti tələb edir. Kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, genetik analizlər və digər yüksək texnologiyalı müayinələr əvvəlki illərlə müqayisədə daha geniş istifadə olunur. Bu müayinələrin qiyməti isə əksər hallarda əhalinin birbaşa ödəmələri hesabına qarşılanır. Özəl səhiyyə sektorunun payının artması da tibbi xərclərin yüksəlməsində rol oynayır. Son illərdə Azərbaycanda özəl klinikaların və tibb mərkəzlərinin sayı artmış, əhali daha keyfiyyətli və operativ xidmət almaq məqsədilə bu müəssisələrə üstünlük verməyə başlamışdır. Lakin özəl sektorda göstərilən tibbi xidmətlərin qiyməti dövlət müəssisələri ilə müqayisədə daha yüksəkdir. Bu da xüsusilə təcili və ixtisaslaşmış tibbi xidmətlər zamanı ailə büdcəsinə ciddi təsir göstərir. Əhalinin sağlamlıqla bağlı məlumatlılığının artması da tibbi xərclərin artmasına müəyyən dərəcədə təsir edir. İnsanlar artıq profilaktik müayinələrə, erkən diaqnostikaya və sağlam həyat tərzinə daha çox diqqət yetirirlər. Bu, uzunmüddətli perspektivdə müsbət nəticələr versə də, qısa müddətdə tibbi xidmətlərə müraciətlərin sayını artırır və nəticədə ümumi xərclərin yüksəlməsinə səbəb olur. Daha çox analiz, müayinə və məsləhət almaq xərclərin artması ilə nəticələnir. İcbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində mühüm islahat olsa da, hələ də tam əhatə etmədiyi xidmətlər mövcuddur. Bəzi dərmanlar, xüsusi müalicə üsulları və ya özəl tibb müəssisələrində göstərilən xidmətlər sığorta paketinə daxil deyil və əhali bu xərcləri öz hesabına ödəməli olur. Bu isə xüsusilə orta və aşağı gəlirli ailələr üçün əlavə maliyyə yükü yaradır. Ekoloji və həyat tərzi amilləri də tibbi xərclərin artmasına təsir göstərən səbəblər sırasındadır. Şəhər həyatının sürətli tempi, stress, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azlığı və ekoloji problemlər müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır. Xəstəliklərin artması isə müalicə və dərman xərclərinin yüksəlməsi deməkdir. Beləliklə də, Azərbaycanda əhalinin tibbi xərclərinin artması çoxşaxəli və kompleks səbəblərlə bağlıdır. İqtisadi faktorlar, demoqrafik dəyişikliklər, texnoloji inkişaf, səhiyyə sektorunun strukturu və həyat tərzi amilləri bu prosesə birgə təsir göstərir.

Samirə SƏFƏROVA

Seçilən
60
baki-xeber.com

1Mənbələr