
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Avanesyan Karen Albertoviç tərcüməçi və vəkillə təmin olunub.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttiham aktının elan olunmasından sonra təqsirləndirilən Karen Avanesyan ifadə verib.
Daha sonra isə cinayət işi üzrə zərərçəkmiş şəxslər və şahidlər ifadə veriblər.
Məhkəmə 18 dekabrda davam etdiriləcək.
Qeyd edək ki, bu il sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.