AZ

“Azərxalça” ASC Bəhreyndə ilin ən böyük sərgisində iştirak edib

Bəhreyn Beynəlxalq Dözümlülük Kəndində 8-ci Mara'ee 2025 sərgisi düzənlənib. 

“Azərxalça” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, sərgi Bəhreyn Krallığının Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında 8-13 dekabr 2025-ci il tarixlərində Saxir şəhərində keçirilir. Bu tədbir regionun ən böyük xüsusi sərgisidir və Krallığın davamlı kənd təsərrüfatı və qida təhlükəsizliyinə sadiqliyini inkişaf etdirmək üçün vacib platforma rolunu oynayır. 

“Bu illik sərgidə kənd təsərrüfatı və heyvan sərgiləri, incəsənət sərgisi, irs kəndi, fermerlər bazarı, heyvandarlıq bazarıvə əlavə fəaliyyətlər daxil olmaqla geniş yerli və beynəlxalq iştirak təqdim olunur. Tədbirin iştirakçıları sırasına  Körfəz Əməkdaşlıq Şurası və ərəb ölkələri ilə yanaşı digər dəvət olunmuş xarici ölkələr, o cümlədən Azərbaycan daxildir. Həmçinin proqrama beynəlxalq at sərgisi də daxil olub, Azərbaycanın Qarabağ atları da tədbirdə geniş proqramla iştirak edib”, - “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib. 

Məlumatda o da qeyd olunub ki, “Mara'ee 2025” sərgisinin rəhbərliyinin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən  “Azərxalça” ASC yaradıcı heyyəti Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Sərgidə Cəmiyyətin müxtəlif xalça kolleksiyalarından nümunələrlə yanaşı, əsl əl işi milli xalçaların nümayişi baş tutub. Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda iştirakçılar Azərbaycan xalçaları  barədə ətraflı məlumat alma, onlarla xatirə şəkli çəkdirmək və azərbaycanlı toxucu xanımla əsl əl işi Qarabağ xalçasının toxunmasında iştirak etmək imkanı əldə ediblər. 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Seçilən
28
5
azerbaijan-news.az

6Mənbələr