ABŞ-nin Ukrayna üzrə gizli danışıqları Avropa paytaxtlarında alyansın gələcəyi ilə bağlı sualları artırır...
Poliqon xəbər verir ki, The Wall Street Journal Vaşinqtonun Ukrayna müharibəsinin dayandırılması istiqamətində atdığı son addımların NATO müttəfiqləri arasında ciddi təlatüm yaratdığını yazıb. Qəzet qeyd edir ki, ABŞ-nin xüsusi nümayəndəsi hazırda Moskvada sülh danışıqları aparsa da, ABŞ dövlət katibi NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısına qatılmayacaq. Bu isə Avropada Vaşinqtonun alyansa sadiqliyi ilə bağlı şübhələri gücləndirib.
Mənbəyə görə, prezident Trampın xüsusi emissarı Stiv Uitkoff bu il artıq altıncı dəfə Moskvaya səfər edir, halbuki o hələ Ukraynada olmayıb. Eyni zamanda dövlət katibi Marko Rubio NATO nazirlərinin yarımillik görüşünü buraxacaq və öz yerinə müavini göndərmək niyyətindədir. NATO-nun keçmiş sözçüsünün sözlərinə görə, ABŞ-nin ali diplomatı bu tədbirə sonuncu dəfə 1999-cu ildə qatılmayıb — o zaman Vaşinqton Yaxın Şərqdə sülh prosesinə diqqət ayırmışdı.
Rubionun yoxluğu xüsusilə hiss olunacaq, çünki bu addım Ukrayna üzrə davam edən sülh danışıqlarının ən gərgin mərhələsinə təsadüf edir. Bir çox Avropa liderləri Vaşinqtonun indi də NATO ilə eyni prioritetləri bölüşüb-bölüşmədiyi sualını açıq şəkildə gündəmə gətirirlər.
WSJ yazır ki, sızdırılmış 28 bəndlik ilkin sülh planının iki elementi Avropanın müdafiə və diplomatiya dairələrində şok effekti yaradıb:
Birincisi, plan Rusiyanı faktiki qalib, Ukraynanı isə məğlub tərəf kimi göstərirdi. Sənəd Kiyevdən hələ itirmədiyi strateji bölgələrdən imtina etməyi, ordusunu ciddi şəkildə azaltmağı və gələcəkdə Rusiyanın yenidən hücuma keçəcəyi halda ABŞ və Avropa tərəfindən təmin olunmuş qəti təhlükəsizlik zəmanətlərindən məhrum qalmağı tələb edirdi.
İkincisi, ABŞ sülh prosesində Rusiya ilə NATO arasında vasitəçi kimi təqdim olunurdu. Bu isə alyans ölkələrində belə bir sual doğurub: Amerika artıq özünü uzun illər dominant rol oynadığı NATO-nun tamhüquqlu üzvü kimi görmürmü? WSJ xatırladır ki, İkinci Dünya müharibəsindən bəri Avropanın təhlükəsizliyinin əsas dayağı məhz ABŞ olub.
Analitiklər hesab edirlər ki, Vaşinqtonun mövcud diplomatik xətti alyans daxilində üstünlük balansını dəyişə, həmçinin Avropanın öz müdafiə strategiyasını yenidən qurmasına zəmin yarada bilər.
Poliqon.info