AZ

Azərbaycan “Qəzza bataqlığı”na girmədi

Rəsmi Bakının bu məsələdə təmkinli siyasətinin məntiqə söykənən əsasları var - ekspertlərin fərqli proqnozu

Azərbaycanın dünyada artan nüfuzu ona qlobal miqyaslı problemlərin həllində də iştirakçı mandatı əldə etmək şansı verib. Bir sıra uzunmüddətli münaqişə və müharibələrin dayandırılması, sülhün əldə olunması, həmçinin sülhməramlı kontingentin yerləşdirilməsi kimi məsələlərdə Azərbaycanın adı ön sırada çəkilir. İsrail və HƏMAS arasında əldə olunmuş razılaşmalara davamlı şəkildə əməl olunacağı halda, Qəzzada sülhməramlı kontingentin fəaliyyətinin təmin olunması məsələsində də Azərbaycan sülhməramlılarının iştirakı son zamanlar müzakirə predmetinə çevrilməkdədir. Amma bu barədə hələlik daha çox media müstəvisində müzakirələr aparılır.

Bu arada Azərbaycanın Qəzzaya əsgər göndərməkdən imtina etdiyi haqda iddia yayılıb. Belə bir iddia ilə “İsrail Hayom” qəzeti çıxış edib. “Bir neçə həftə əvvəl Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağı nəzərdən keçirən Azərbaycan Qəzzada əsgərlərinin həyatını təhlükəyə atmayacağını bildirib. Azərbaycan rəsmiləri yalnız bərpa prosesləri və sakitliyin qorunması mərhələsində iştirak barədə müzakirə aparırlar, lakin hazırda tələb olunan HƏMAS-ın tərk-silahı və zolağın demilitarizasiyası mərhələsinə qoşulmaq istəmirlər”, - məlumatda vurğulanıb. Qeyd edək ki, bundan öncə İsrailin Azərbaycan sülhməramlı qüvvələrinin bölgədə yerləşməsini dəstəklədiyi haqda məlumat yayılmışdı.

Bir müddət öncə isə bu haqda fərqli məlumat yayılmışdı. ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts bildirib ki, Vaşinqton Qəzzaya stabilizasiya qüvvələrinin göndərilməsi ilə bağlı bir sıra ölkələrlə apardığı danışıqları yüksək qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan da bu dövlətlər arasında yer alıb. Uolts bunları “Bloomberg” agentliyinin Sinqapurda keçirdiyi “Yeni İqtisadiyyat Forumu”nda çıxışı zamanı deyib. “Bir çox ölkələr Qəzzaya əsgər göndərmək üçün BMT-nin təsdiqinə ehtiyac duyurdu. Azərbaycan, İndoneziya və digər dövlətlərlə çox pozitiv danışıqlar aparıldı”, - deyə o qeyd edib. Rəsmi Vaşinqton hesab edir ki, xarici qüvvələrin Qəzzaya yerləşdirilməsi regionda sülhün təmin edilməsi, insani yardımın fasiləsiz ötürülməsi, eləcə də təhlükəsizliyin bərpası üçün vacib addım ola bilər. Hazırda tərəflər mümkün missiyanın formatını, hüquqi çərçivəsini və BMT mandatının məzmununu müzakirə edir.

Xatırladaq ki, Prezident İlham Əliyev Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitinə dəvət alan azsaylı liderlərdən idi. Dövlət başçımıza böyük etimadın olduğunu sözügedən sammitdə də müşahidə etdik. Ancaq bilirik ki, ölkəmiz müharibə və terrordan uzun illər ərzində əziyyətlər çəkib və sabitliyin olmadığı, uşaqlara belə fərq qoyulmayan müharibə bölgəsinə özünün qalib ordusunun hərbçilərini göndərməyi məqsədəmüvafiq hesab etməz. Bunun üçün ən azı əldə olunan razılaşmalara hər iki tərəfin əməl etməsi lazımdır. Hətta BMT kimi dünyanın ən böyük təşkilatı yarandığı tarix boyunca ən ciddi itkilərini 2023-cü ilin oktyabrından bəri Qəzzada veribsə, Azərbaycanın belə riskli bölgəyə əsgər göndərməsi real görünmür.

Hələlik rəsmi Bakı sülhməramlılarla bağlı mövqe bildirməyib. Rəsmi Bakının bu məsələ ilə bağlı təmkinli siyasətinin məntiqə söykənən ciddi əsasları var. Çünki Trampın planına uyğun şəkildə atəşkəs əldə olunsa da, lokal toqquşmalara son qoyulmayıb və vaxtaşırı itkilər olur. Bəs ekspertlərimiz bu barədə nə düşünür, ən doğru qərar necə olmalıdır? Qəzzada hələ də sülhün əldə olunmaması halında Azərbaycanın oraya hərbçi göndərməsi riskli deyilmi?

Tural

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi ekspert Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Qəzzaya sülhməramlı və ya hərbi kontingent göndərməsi ilə bağlı yayılan iddialar həm regional diplomatiyanın, həm də qlobal güc münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən maraqlı siqnallardır: “Bu məsələ əslində Bakının Yaxın Şərq siyasətinin hansı çərçivədə formalaşdığını anlamaq baxımından son dərəcə önəmlidir. Azərbaycanın adının müxtəlif beynəlxalq platformalarda çəkilməsi, Vaşinqtondan tutmuş İsrailə qədər fərqli tərəflərin Bakını potensial tərəfdaş kimi göstərməsi ölkəmizin artan geosiyasi çəkisinin real göstəricisidir. Bu, Azərbaycanın qlobal güclər tərəfindən etibarlı aktor kimi qəbul edilməsindən xəbər verir. Lakin məsələ təkcə siyasi komplimentlərlə məhdudlaşmır, çünki Qəzza kimi son dərəcə riskli, çoxqatlı və davamlı hərbi böhranların yaşandığı bölgədə hərbi kontingent yerləşdirmək heç bir ölkə üçün sadə qərar deyil”.

T.İsmayılov qeyd etdi ki, Azərbaycanın mövqeyi burada xüsusilə həssasdır: “Çünki Bakı həm müsəlman dünyasının aparıcı ölkələrindən biridir, həm də İsraillə strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir. Bu balansı qorumaq isə incə diplomatik xətt tələb edir. "İsrail Hayom"un xəbərinin ortaya çıxması Bakının ehtiyatlı davranışının yanlış yozulması ilə bağlı ola bilər, çünki Azərbaycan heç vaxt məsuliyyətsiz şəkildə “əsgər göndərmək-göndərməmək” kimi məsələlərə emosional yanaşmır. Qəzza indi sülhün olmadığı, təhlükənin davam etdiyi, humanitar böhranın isə pik nöqtədə olduğu ərazidir. Bakı bu prosesdə daha çox siyasi sabitlik, humanitar dəstək və bərpa mərhələsində iştirak kimi praqmatik xətt yürüdür. Azərbaycanın regionlara sülhməramlı göndərməsi üçün kifayət qədər təcrübəsi var - Kosovo, Əfqanıstan, misalları ortadadır. Lakin həmin missiyaların hamısında ortaq məqam var idi: aydın mandat, beynəlxalq konsensus və təhlükəsizliyin müəyyən qədər təmin olunması".

STM əməkdaşı vurğuladı ki, adları çəkilən bölgələrdən fərqli olaraq, Qəzza hazırda bu şərtlərin heç birinə cavab vermir: “ABŞ nümayəndəsi Mayk Uoltsun açıqlaması da göstərir ki, Vaşinqton Azərbaycanla konstruktiv dialoq aparır və Bakının regional sabitlikdə rolunu yüksək qiymətləndirir. Bu, Azərbaycanın nüfuzuna müsbət təsirdir, amma bu dialoq Bakının mütləq şəkildə hərbi kontingent göndərməsi anlamına gəlmir. Azərbaycan hər zaman olduğu kimi, məsuliyyətli dövlət kimi addım atır və qərarlarını beynəlxalq siyasətin gedişinə uyğun deyil, öz milli maraqlarına uyğun formalaşdırır. Bütün bunların fonunda Azərbaycanın təklifdən imtina etməsi tənqid yox, əslində təqdir edilməli qərardır. Çünki Qəzza kimi həssas bölgədə atılan hər səhv addım böyük geosiyasi nəticələrə səbəb ola bilər. Azərbaycan bu riskləri görür. Bu, həm ağıllı diplomatiyadır, həm də real siyasətdir. Bu, həmçinin Azərbaycanın öz gücünə nə qədər güvəndiyini göstərir. Güclü dövlət odur ki, hərbi iştirakını hər çağırılan yerə aparmır, zəkası ilə seçim edir. Azərbaycan o mərhələdədir ki, beynəlxalq missiyalara qoşulmaq üçün kimdənsə "icazə" almır, nə zaman, harada və hansı şərtlərlə iştirak edəcəyinə özü qərar verir. Və hazırkı şəraitdə veriləcək ən doğru qərar məhz ehtiyatlı, mərhələli və kontrollu yanaşmadır".

Ekspert bir daha xatırlatdı ki, Qəzzada hələ sülh yoxdur və təhlükələr mövcuddur: “Hələ lokal silahlı qruplar mövcuddur. Azərbaycan humanitar və diplomatik proseslərdə iştirak etməyə hazır olduğunu bildirərək, həm məsuliyyətli mövqe tutur, həm də qlobal səhnədə imicini daha da gücləndirir. Bu gün ən doğru addım məhz budur: vəziyyət tam aydınlaşana qədər hərbi kontingent məsələsinə fasilə vermək, amma siyasi baxımdan dialoqu açıq saxlamaq. Bütün proseslər sübut edir ki, Bakı nə geri çəkilir, nə də tələsir - sadəcə, ağıllı seçim edir. Və bu seçim Azərbaycanın gücünün, dövlətçilik təfəkkürünün və beynəlxalq siyasətdə yetkin mövqeyinin göstəricisidir”.

Artıq

Məhəmməd Əsədullazadə 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə də hələlik Qəzzada sülh və atəşkəsin tam təmin edilmədiyinə diqqət çəkdi: “İsrail vaxtaşırı HƏMAS-a qarşı əməliyyatlar keçirir. İlk növbədə burada BMT mandatı lazımdır ki, beynəlxalq kontingentin tərkibi tam təsdiqlənsin. Beynəlxalq hüquq olmadan proses tənzimlənə bilməz. Ona görə də ilk növbədə Qəzzada sülhdən və atəşkəsdən söhbət gedə bilməz. Kiçik anklav da bir neçə yerə ayrılıb. Orada humanitar böhran hökm sürür. HƏMAS silahı yerə qoymayıb. Azərbaycan ora hərbiçi göndərsə, HƏMAS-ın hədəfinə çevrilə bilər. Çünki məhz İsrailin razılığı əsasında bu prosesin baş tutduğu qeyd ediləcək”.

M.Əsədullazadə bildirdi ki, hələ də Yaxın Şərqdə siyasi sabitlik və təhlükəsizlik mövcud deyil: “Bir tərəfdən "Hizbullah"a qarşı əməliyyatlar keçirlir. Ona görə də Azərbaycan bu məsələdə çox düzgün qərar verir. Ora hərbçi göndərmək risklidir. Bəli, Azərbaycan Misirdə keçirilən Sülh Sammitinə qatıldı. Həmçinin sülhün əldə edilməsi üçün siyasi proseslərə dəstək verir. Amma hərbi cəhətdən bu, məqbul deyil. Ümumiyyətlə, Qəzzada xarici hərbçilərə ehtiyac yoxdur. Problem köklü şəkildə həll edilməlidir. HƏMAS Qəzzada idarəetmədən çəkilir, həmçinin İsrail də ordusunu Qəzzadan geri çəkir. Hakimiyyət Fələstin muxtariyyətinə verilir. Ondan sonra sabitlik təmin edilir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Seçilən
192
26
musavat.com

10Mənbələr